Azərbaycanda nə qədər su-bataqlıq ərazisi var?

Sadə xəbər
İQTİSADİYYAT 02.02.2024 3071

Ekoloji təqvimə əsasən 2 fevral dünyada Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur və bu günün 2024-cü il üçün mövzusu “Bataqlıqlar və İnsan Rifahı”dır.

"Saat24.az" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

“Respublikamızda sahəsi 200 min hektardan çox olan su-bataqlıq ərazisi mövcuddur. Onların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır. Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-ə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri məhz belə ərazilərdəndir. Qızılağac, Ağgöl və Şirvan milli parkları xüsusilə zəngin bioloji müxtəlifliyinə görə diqqət cəlb edən ərazilərdir. Məhz bu ərazilərin milli park olaraq seçilməsi də təsadüfi xarakter daşımır”.

A.Babayeva qeyd edib ki, Ümumdünya Su-Bataqlıq Əraziləri Gününün məqsədi bioloji müxtəlifliyinə görə zəngin ekosistem sayılan su-bataqlıq ərazilərinin əhəmiyyəti və qorunmasına diqqəti cəlb etməkdir. Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar bu gün Qızılağac, Ağgöl, Abşeron və Şirvan milli parklarında müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. 

Xidmət rəsmisi bildirib ki, bu günün qeyd olunması 1971-ci ildə su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixlə bağlıdır. Ramsar Konvensiyası Azərbaycan tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib. Konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaqdır.

XƏBƏR LENTİ
24.07.2024 2065

DİGƏR XƏBƏRLƏR

Loading
Top