NATO strateji komandanlığının nümayəndəsinin Bakı səfəri: Alyans nəyin axtarışındadır? - ŞƏRH + FOTO

GÜNDƏM 21.11.2022 1614

Nədənsə elə düşünülür ki, Azərbaycanın xarici siyasət kursunun cövhəri olan tarazlıq bütün sferalarda təzahür edir.

Azərbaycan strateji tarazlıq öhdəliyinə sadiqdir, lakin komponent olaraq Bakı Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır və ordusunu NATO standartlarına uyğun qurmaq üçün aparılan islahatlar da həmin fikri təsdiq edən dəlil kimi başa düşülməlidir.

Azərbaycan Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səyləri dəstəkləyir və NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirir, bununla da Rusiyanın ordu sistemindən arınmaq siyasətini yürüdür.

Bu, Azərbaycanla NATO-nu qarşılıqlı maraqların cəmləşdiyi cazibə mərkəzinin nüvəsinə doğru çəkir. Azərbaycan və NATO-nun əməkdaşlıq sferası gözəgörünməyən səhnələrdə də birgə fəaliyyəti aktuallaşdırır, hərçənd ki, Alyansın üzvü olan bəzi ölkələrlə Bakı arasında siyasi gərginliklər müşahidə edilir.

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin “NATO günləri” çərçivəsində Təşkilatın Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargah rəisinin müavini Qunnşteyn Brusdal ilə görüşü də pərdə arxasındakı razılıqlar məramını göstərən əlamətdir.  

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətlərinin müzakirə edilməsi belə deməyə əsas verir.


Fokuslanmalı məqamlar:

1. NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Qərargahı Alyansın iki strateji hərbi komandanlığından biridir. Digəri - Müttəfiqlərin Transformasiya Komandanlığıdır. NATO Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasına töhfə verən mexanizmləri Azərbaycanla dərinləşən əməkdaşlıq formatı ilə qurur. Bunun səbəbinə gəlincə, Azərbaycan NATO üzvü olan Türkiyənin strateji müttəfiqidir və Alyans həmin amili regionda Rusiya təsirinin ən azından minimallaşdırılması üçün alət kimi görür.

2. İranın Azərbaycanı hədələyən üslubu NATO-nu da narahat edir, ona görə ki, Bakı Avroatlantik məkanda və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. NATO bu baxımdan İranın Azərbaycana qarşı ritorikasının praktiki sərtləşməsinə yol verməz.

3. Cənab Brusdall kontr-admiraldır, bunu nəzərə alaraq ortaya üçüncü məqamı da çıxarmaq olar ki, o da Xəzər dənizindəki təhlükəsizliyin qorunmasıdır.

NATO-nun məqsədi Xəzər hövzəsini və Mərkəzi Asiyanı hərtərəfli strateji perspektivə daxil etməkdir. Azərbaycanın Ermənistan üzərindəki qələbəsi və regiondakı yeni reallıqlar NATO-nun maraqlarını, imkanlarını, regional təhlükəsizlik mühitini formalaşdıran əsas tendensiyaları və amilləri araşdırmağa səfərbər edir.  

Rusiya-Ukrayna müharibəsinin fəsadları zəngin sərvətlərə malik Transxəzər regionunu potensial mübarizə meydanına çevirir.

Bunları göz önündə canlandırsaq, qeyd edə bilərik ki, Qunnşteyn Brusdal NATO-nun yeni təhlükəsizlik öhdəliklərindən irəli gələn məsələlərə dair təhdidlərə qarşı müqavimət göstərmək düsturlarını Azərbaycan tərəfinə çatdıra bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top