Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü işə başladı-Foto

Sadə xəbər
SİYASƏT 18.11.2024 2570
Noyabrın 16-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü işə başladı.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova  qonaqları salamladı. O, tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirdi.

Qonaqların diqqətinə çatdırıldı ki, digər ölkələrlə müqayisədə hazırlıqlar üçün daha az vaxt - yalnız 11 ay olmasına baxmayaraq, Azərbaycan COP 29-a bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq istiqamətində böyük işlər görüb.

Təəssüf hissi ilə qeyd edildi  ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da rol oynayıblar. 

Spiker çıxışında qeyd etdi ki, bu xoşagəlməz hallara baxmayaraq, COP 29 uğurla işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə öz işini davam etdirir. O dedi ki, bugünkü Parlament Görüşü, Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir.

Milli Məclisin sədri dedi ki, bizim iki günlük tədbirimiz və ümumi mövqeyimizi əks etdirən yekun sənəd, iqlim maliyyələşdirilməsi, təsirlərin azaldılması və uyğunlaşması, şəffaflıq, milli səviyyədə müəyyən edilmiş töhfələr kimi ən aktual problemləri və vacib məsələləri ön plana çəkir. 

Çıxışının sonunda Milli Məclisin sədri əminliyini ifadə etdi ki, ölkələrimiz daha güclü tərəfdaşlıq, dəstək və öhdəliklərlə yaşıl dünya, daha yaxşı və davamlı gələcək naminə həmrəyliklə irəliləyəcək.

Daha sonra Parlament Görüşü sessiyalarda öz işini davam etdirdi. Sessiyalarda “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması” və digər mövzularda müzakirələr aparıldı.

Tədbir əsnasında  COP 29  iştirakçısı müxtəlif  ölkələrin parlament nümayəndələri ilə bölgəni və dünyanı narahat edən iqlim dəyişiklikləri, bu dəyişikliklərin fəsadları və aradan qaldırılması yolları haqqında fikir mübadiləsi apardıq. Qonaqlar ölkəmizə gəlməkdən və Azərbaycanı daha yaxından tanımaq imkanı əldə etdiklərindən məmnunluq ifadə etdilər. 

Tədbir noyabrın 17-də işini davam etdirdi.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top