Piyadaların qaydaları pozması nəticəsində 23 qəza olub, 9 nəfər ölüb

Sadə xəbər
HADİSƏ 13.11.2024 3396

Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində 23 yol qəzası olub, 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil:

"Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol qəzalarının qurbanına çevrir".

Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top