Bildiyinizi bilirəm, amma əməl etdiyinizdən əmin deyiləm...

CƏMİYYƏT 21.05.2022 1251

Şəhriyar Del Gerani yazır...

Şər və böhtana dair...



3

Bəri başdan etiraf edim ki, şəxsən mənim birmənalı şəkildə aciz qaldığım yeganə durum şər və böhtandır. Şərin və böhtanın qarşısında bir min beş yüz dəfə acizəm. Bu, belə!

Bəs böhtandan necə qorunmalı? Bu acizanə suala heç bir cavabım yoxdur. Məyusam. Vəziyyət sizin düşündüyünüzdən də faciəvidir. Ömründə bircə dəfə olsun şərə və böhtana tuş gəlməyən adam bunu anlamaz. Ey, təki anlamasın da. Günlərin bir günü, xətri əzizlərdən əziz bir dostum zəng elədi, gecəydi, təcili görüşməliyik dedi, gəl dedim, görüşdük. İlk dəfəydi belə müvazinətsiz görürdüm dostumu. Boğulurdu, saman çöpü axtarırdı yapışmağa. Belə məqamlarda saman çöpü tapmaq da olmur, açığı. Hətta saman çöpü tapsa belə, həmin çöp gedib batacaq boğazına, hirsindən ürəyi partlayacaq, öləcək. Düz-əməlli boğula da bilməyəcəksən. Olur belə şeylər. Amma dostum sözün bütün mənalarında çökmüşdü. Əməlli-başlı sarsılmış, özünü itirmişdi. Dili söz tutmurdu. Gördüm yox, hal o hal deyil, əhval o əhval, necə deyərlər, yaxşı arvad xeylağı lazımdı beş-altı nəfər, beli şallı, yanıqlı avazlı, hörüklü-qotazlı, köhnələrdən, alalar qabaqlarına, heç olmasa dördcə saat ağlaşma quralar. Gördüm adam evin içində özünü apara bilmir, oturmağa yer tapmır. Dedim, “Bu əhvalın mənə tanış deyil, amma hiss edirəm ki, şər və böhtana tuş gəlmisən”. Qoyun kimi üzümə baxdı, gözlərini döydü. Bilmirəm qoyunları müşahidə etmisiniz, ya yox. Qəribə bir mənasızlıq olur baxışlarında. Qoyunlar qədər mənasız baxış heç bir heyvanda yoxdur. Adamda izaholunmaz dinclik yaradır qoyunla baxışmaq. Əgər müşahidə etməmisinizsə, təklif edirəm ilk fürsətdə bunu qaçırmayın, dəyərləndirin. Görün nə qədər dincələcəksiniz. Baxmağına sənə baxır, amma zərrə qədər də olsun üzərində enerji hiss etmirsən. O qədər məzmunsuz və dəxlisiz baxır, sənə qəti şəkildə heç nə demir, bircə qram da olsa nəyisə ifadə etmir. Bomboş, puç və kor bir baxış. Bəli, eynən qoyun kimi üzümə baxdı dostum, duydum ki, nəsə çox amansız bir şərlə qarşılaşıb. Yazığım gəldi. Ümumiyyətlə, təmiz adamlara yazığım gəlir. Qoyundan söz düşmüşkən, deyir, qoyunların qorxusu canavarlardan olar, amma onları əvvəl-axır canavarlar yox, çobanlar yeyər. Təmiz adamlar da belədir. Təmiz adamlar həmişə tanımadığı kimlərdənsə pislik gözlər, amma onlara həmişə tanıdığı, hörmət etdiyi, can yandırdığı insanlar şər atar, böhtanla yaralayar onları. Dəhşətli hissdir. Bilmirəm bu məqaləmizi oxuyanlardan nə qədəri təmiz və dürüst insandır və onlardan neçəsi şər-böhtana tuş gəlib, hər halda bu amansız cəmiyyətdə şərin və böhtanın təntənəsi çoxaldıqca qurbanları da artır, burası dəqiqdir.

Dostum uzun-uzadı qoyun kimi baxandan sonra islanmış küçük kimi zingildəməyə başladı. İndi deyəcəksiniz, bu da bənzətmə tapdı dostuna, qoyun belə gəldi, küçük elə getdi, olsun, xoşunuza gəlməsin, amma dostumun o ağrılı, məşəqqətli hallarını başqa cümlələrlə ifadə edə bilmirəm. Heç olmasa əxlaq deyilən bir anlayışa yaxından-uzaqdan dəxli olan insan övladı başa düşsün ki, onun şər atdığı nəcib adamlar hansı vəziyyətlərə düşür, necə olmazın əzablar çəkirlər. Ağlaya-ağlaya dedi ki, filankəs mənim haqqımda bəhmənkəsə belə-belə şeylər deyib, o da inanıb. Neyləyim? Bilmədim nə deyim, susdum. Bəhs etdiyi hər iki adamı yaxşı tanıyırdım deyə heç üzülmədim. Biri böhtan atacaq qədər cındır, digəri ona inanacaq qədər bambılı adamlar idilər.

Yeri gəlmişkən, “cındır” sözü qədər möhtəşəm təyin də tanımıram dilimizdə. Həddindən artıq şiddətli səslənməsi, vulqarlığı var, di gəl, rahatlıqla istifadə edə bilirsən, 18+ deyil yəni. Böhtan əhlini, şərçi adamları belə çağırmaqda fayda var. Ən azından özün üçün dəqiqləşdirmə aparırsan, təskinlik tapırsan, toxdayırsan. 

Dostum şərin və böhtanın qarşısında aciz qalmışdı, məhv olmuşdu. Məndən çarə umurdu. Amma mənim də çarəm yox idi. Şər və böhtan qarşısında aciz qalmaq təmiz adamların taleyidir. Necəsə, nə cürsə, dözməlisən. Təsadüfi deyil, övliyalar da həmişə şər-böhtanla qarşılaşıblar. Dünyada zalım insanlar saysız-hesabsızdır, onlar öz şər və böhtanları ilə qidalandırırlar zəhərli həyat tərzlərini, murdar ruhlarını. Nə etməli? Həqiqətən də heç bir cavabım yoxdur. Ya gedib tüpürəsən üzünə, sonra güllələyəsən. Ya söyüb təhqir edəsən, ifşa edəsən. Ya başını kəsib sonra əlinin dalıyla iki dənə sillə ilişdirəsən qulağının dibinə. Ya da susub qalasan, Allaha buraxasan. Nəcib insanlar sonuncunu edərlər adətən. Təmiz adamlar aciz qalarlar böhtan qarşısında. Ən dəhşətlisi isə, sənə atılan böhtan deyil, güvəndiyin birinin o böhtana inanmasıdır. Adamı ən çox o yaralar, o öldürər. Böhtana inanan adam da ən azı böhtan atan qədər ləyaqətsiz, şərəfsiz və cındır olar çox vaxt. Əgər sənə deyil, böhtan atan adama inanırsa, onun tərəfindədir demək, səni satmış. Demək, həmin böhtanı sənə yaraşdırmış. Böhtandan isə heç kəs sığortalanmayıb.

Bir neçə dəfə demişik, yenə də deyirik: Biz insanların oxuyaraq özlərini tərbiyə edəcəyinə sadəlövhcə inanan adamlarıq. Həqiqətən də, bu, belədir. Əgər əksini düşünsəydik, qəti şəkildə bircə cümlə belə yaza bilməzdik, yazmazdıq. İnsanların oxuyaraq özünü tərbiyə edə biləcəyinə Allah da inanır. Nədən ki, bəşəriyyətlə kitabla danışmağa üstünlük verib. Müqəddəs kitabların hamısında oxumağa dair əmr var, göstəriş var, məsləhət var. Oxu deyir. İnanır və bilir ki, insanlar oxuyaraq özlərini tərbiyə edə bilər və bilir. Biz də inanırıq ki, bu məqalə ən azı bir nəfəri şərdən və böhtandan çəkindirəcək, ən azı bir nəfəri şərdən və böhtandan xilas edəcək.

Şəms Təbrizinin belə bir görüşü var: Nəciblər idarə edər, acizlər şikayət, bəsitlər isə sadəcə iftira. Dəqiq təsbitdir. İftira atan adamlar özlərini tərbiyə edə bilməmiş bəsitlər sinfindəndir. Bəs yaxşı, bu bəsitlər nə üçün şər və böhtan atarlar? Çün onların fitrəti belədir. Əlbəttə, bu cavab mümkün bir neçə cavabdan ən ağlabatanıdır. Bir gün əqrəblə tısbağa dostlaşır, tısbağa əqrəbi adadakı evinə dəvət edir. Əqrəb razılaşır, dırmaşır tısbağanın belinə. Çox gedirlər, az gedirlər, su üzüylə düz gedirlər, qəflətən əqrəbin ibnəliyi tutur, tısbağanın çanağına bir neçə həmlə edir. Tısbağa deyir, ay əqrəb, utanıb-qızarmısan, mən səni dostca evimə dəvət edib kürəyimdə daşıyıram, sən də məni sancırsan? Əqrəb deyir, sən canın bağışla, haqlısan, amma özümdən asılı deyil, zatımdadır sancmaq, nə qədər elədim özümü saxlaya bilmədim. Tısbağa deyir, hə, başa düşdüm, zatındadır bu xasiyyət, xislətin belədir. Əqrəb deyir, hə, düz başa düşdün. Nə bildin? Tısbağa deyir, heç nə, onda mənim də zatımda suya batmaq var. Bircə kəlmə bunu deyib batır suya, əqrəb sürüşüb gedir işinin dalıyca. Şübhəsiz, bu hekayətdə ibrətamiz mənalar kəhkəşanı var. O da əlbəttə qanana. Qanan adamlar bu kəhkəşanı təqib edib həqiqətə çatarlar. Çox adam elə bilir bu rəvayətlər boş şeylərdir, amma elə deyil. Bunların hamısı bu və ya digər şəkildə yaşanmış hadisələrdir. Hələ də yaşanmaqda. Nə qədər ki insan övladı var, o qədər də şər və böhtan var bu fani dünyada. Barışmaq lazım.

Elə adamlar var, onların zatındadır qırıqlıq. Dilimizdəki əsrarəngiz ifadələrdən biri də “Çörəyi dizinin üstündədir” deyimidir. Naxələf, zatı qırıq, etibarsız adamlara qarşı işlənir. “Filankəsin çörəyi dizinin üstündədir, ona çox da bel bağlama” deyərlər. Yəni səninlə oturub duz-çörək kəsər, süfrənin kənarında qurdalanar, amma ayağa duran kimi çörək dizinin üstündən düşər, tapdalayıb keçər, fərqində də olmaz. Nə çoxdur ətrafımızda belələri. Bir adamın ki qəlizlik südündədir, qırıqlıq zatındadır, mümkün deyil, əmələ gəlməyəcək. Düzəltməyə cəhd etmə. Elələrindən nə desən gözləmək olar. Son dərəcə sürətlə qaçmaq lazım. Həm də tamamilə əks istiqamətə. İlk fürsətdə rədd eləyin getsinlər. Ən yaxşısı məsafə saxlamaqdır. Biz çox vaxt belə adamları bilə-bilə, tanıya-tanıya həyatımıza alırıq, onlar da son dərəcə sırtıqlıqla dürtülürlər ömrümüzə. Sonrası da məlum, qalırıq yana-yana. Zatı qırıq, südü qəliz adamdan nə desən gözləmək olar. Onların şəri və böhtanı, iftirası tükənməzdir. Onlar şər və böhtanla qidalanar. Şər atmadan, kimisə ləkələyib özünə oxşatmadan yaşaya bilməzlər. Onların mahiyyətində o qədər ləkə var ki, nə qədər atsalar da qurtarmaz.

Bir kişi atını çıxardır at bazarına, satmağa. Müştəri gəlir, soruşur, neçəyə satırsan atını? Kişi deyir, 30 manata. Müştəri atın orasına-burasına baxır, dişlərini filan yoxlayır, görür bomba kimi atdı. Soruşur, ay dayı, top kimi atdı, nöş belə ucuz satırsan? Kişi deyir, bacıoğlu, sağlam olmasına sağlam, cavan olmasına cavandır, fiziki göstəriciləri də sənin dediyin kimi bombadı, di gəl, bu at cındırdı. Müştəri gülür, deyir, ay dayı, atın da cındırı olur? Kişi deyir, olur. Olmasaydı, mən də 30 manata yox, 30 min manata satardım. Nə isə, müştəri deyir, olsun, nəyimə lazım, mən bu atla duz daşıyacam onsuz da, işimə yarayar. Kişi deyir, bax da, məndən deməkdir, bu at cındırdı, ehtiyatlı ol. Müştəri elə bilir kişi dəlidir, başı çatmır. 30 manatını verib atı alır. Günlərin bir günü atı yükləyir duzla, yol alır bazara sarı. At da bu dəm salır cındırlığına, çayı keçəndə ağnayır suya, başlayır su içməyə, fınxırmağa, nə bilim, hoqqa çıxartmağa. Duzçu nə qədər eləyir atı ayağa qaldıra bilmir, su da öz növbəsində axıb duz kisələrini isladır, atın belindənki kisələrdən əridib aparır bütün duzları öz axarıyla. Yalan olmasın, düz 40 dəqiqədən sonra at qalxır ayağa, belində də bombalamboş kisələr. Adam hirslənir, cin vurur təpəsinə, gedib kişini soraqlayır, tapır. Deyir, ay kişi, ağsaqqal adamsan, imanqazanan vaxtındı, özünü nə işə söydürürsən? Kişi deyir, nə olub, ay bala? Dərdin nədir? Adam hal-qəziyyəni danışır. Kişi deyir, övlad bala, mən sənə dedim axı, bu at cındırdı, ehtiyatlı ol. Bu gün sənin duzunu aparan sabah qızını aparar, o biri gün də özünü. Cındır cındırdı, adı üstündə. Cındırdan nə desən gözləmək olar.

İndi deyəcəksiniz, bunları bilirik də. Olsun, bilin. Bildiyinizi bilirəm. Amma əməl etdiyinizdən əmin deyiləm. Adamlar bildikləri doğrulara əməl etməzlər çox vaxt. Bildikləri doğrulara yalnız ağıllı və tədbirli adamlar əməl edər. Şər və böhtan haqqında min illərdir danışılır, amma nə şər əskilir, nə böhtan, nə də şər-böhtan ucbatından əzab çəkən adamlar. Bütün dinlərdə pislənib, haram edilib, bütün dillərdə aşağılanıb şər və böhtan əhli, amma bitib tükənməyib, bitib tükənməyəcək də. Biz də yeni bir söz deyə bilmərik bu haqda, üzrlü hesab edin. Sadəcə ehtiyatlı olmaqda fayda var. Bunu deyə bilərik.

Şər və böhtan nəcib insanların başına gəlmiş ən faciəvi qəzalardandır. Amma istənilən halda müvazinəti itirmək olmaz. Haqqın da yerini tapdığını az görmədik. Ədalətli insanlar gərəkdir şər və böhtan atan adamları bu işdən çəkindirsinlər. Ağıllı adamlar, öz şəxsiyyətinə hörmət edən kəslər şərə və böhtana uyub təmiz bir insanın ləkələnməsinə göz yummasınlar gərək. Dediyim kimi, mən acizəm şər və böhtan qarşısında. Çıxış yolu nədir, bilmirəm. Bildiyim təkcə bir şey var, şər və böhtan atan adama inanan şəxs də ən azı şər və böhtan atan adam qədər rəzildir, ləyaqətsizdir, etibarsızdır. Bu qənaətə gəlmək üçün çox düşünmüş, çox müşahidələr aparmışam. Ona görə də, belə qərara gələk. Əgər bir kimsə sizə böhtan atıbsa, əgər bir kimsə də ona inanıbsa, hər ikisini eyni dərəcədə görün və dərhal həyatınızdan rədd edin. Lap yaxşı olar ki, bulaşmayasınız o adamlara, dərinliyə getməyəsiniz. Nədən ki, o adamlar hədsiz dərəcədə həyasız, ifrat dərəcədə sırtıq olurlar. Siz onlarla mübahisə edib özünüzü təmizə çıxartmağa, həqiqəti hasil etməyə çalışdıqca daha çox batacaqsınız, daha çox ümidlərinizi itirəcəksiniz. Ona görə də uzaq durun, vəssalam. Bataqlıqdan qorunmağın ən gözəl üsulu ona bulaşmamaqdır. İnsanın özüylə, öz mahiyyəti ilə üzləşməyə üzü yoxdursa, hər daim başqalarının xətaları ilə məşğul olar, iftiralar söylər. Sən onlarla savaşmağa cəhd etmə. Savaşmaq istəyirsənsə, öz cəhalətinlə savaş, öz eyiblərinlə vuruş, onlara qalib gəl. Ən böyük qalibiyyət insanın öz nöqsanları, o nöqsanları əmələ gətirən mənfi xüsusiyyətləri üzərindəki qalibiyyətidir. Unutma, heç kəs öz eyiblərinə kor olacaq qədər nadan olmamalıdır. Mövzu axtarırsansa, daxili aləminə baş vur, gör nə qədər işlərin var görüləsi, gör nə qədər göz yaşların var durulası. Şərdən və böhtandan sığınmağa ən mübarək yer isə əl-əlbət, Allahın ətəyidir. Ən əsası budur. Ki, Allah hər şeyi görür və hər şeyi bilir..

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top