Baydenin Əliyevə təbrik məktubu sələflərinin dəst-xəttindən fərqlənir: Ağ Evdən verilən mesajlar – TƏHLİL

GÜNDƏM 21.05.2022 1586

ABŞ lideri Cozef Bayden 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun məzmununda iki xəttə sadiqlik aydın sezilir:

1. ABŞ Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarında təhlükəsizliyin təmin edilməsindəki roluna dəyər verir;

2. ABŞ beynəlxalq təhlükəsizlik məsələlərində də Azərbaycan amilinə önəm verir.

Baydenin dəst-xəttində sələflərindən fərqli olaraq yeni dünya nizamı kontekstində yanaşma ilə müraciət var, qısası, verilən mesajlar bu zamana qədərki ümumi yanaşma çərçivəsindən kənara çıxarılır və ona yeni məna yüklənir. Məsələn, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi və humanitar yardımı Bayden tərəfindən yüksək qiymətləndirilir. 

ABŞ SSRİ dağıldıqdan sonra Cənubi Qafqaza iddialı baxışlar ortaya qoysa da, reallıqlar Ağ Evin gözləntilərini çıxdaş edərək fərqli mənzərə yaratdı.

Ancaq Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Cənubi Qafqazda yaranan geosiyasi reallıq Vaşinqton qarşısında yeni yanaşmanı formalaşdırmaq çağırışlarını yaradır. Bu da supergücün Cənubi Qafqazda üstün rola sahiblənmək istiqamətlərini müəyyənləşdirir.

Birləşmiş Ştatların Cənubi Qafqazdakı rolunu marginal maraqlardan çıxarıb üst səviyyəyə qaldırmaq niyyətlərinin hədəflərinin analitik təsvirini verməyə çalışaq.

Cənubi Qafqazdakı reallıqlar ABŞ-ı regiona daha uzunmüddətli yanaşma formalaşdırmağa vadar edir və SSRİ-dən miras qalan bütün mümkün münaqişələrin, mübahisəli məsələlərin həllinə doğru düstur təklif etməyə doğru itələyir.

ABŞ-ın mövqeyində Ermənistana simpatiya duyulsa da, bu, o anlama gəlmir ki, Ağ Ev bölgədə hər-hansı münaqişənin olmasında maraqlıdır, ancaq beynəlxalq siyasi sistemdə formalaşan yeni nizam da konflikt proqnozlarını aktuallaşdırır.

ABŞ istədiyinə ağrısız nail olmaq üçün elə rəhbər prinsipləri əsas tutmalıdır ki, həm region qaynar fazaya keçməsin, həm də öz maraqları təmin olunsun, həm də bu maraqlar Türkiyənin və Rusiyanın xətti ilə uyğunlaşdırılsın.

Bu, qlobal maraqların Cənubi Qafqaz bölməsində əsl tarazlıq yarada bilər, lakin hər şey bu qədər asan və sadə deyil.

Vaşinqton hazırda Cənubi Qafqazda Moskvanın geosiyasi mövqeyindən nisbətən əlverişsiz vəziyyətdədir - enerji layihələrindəki iştirakı istisnadır.  

Ağ Ev bölgə dövlətlərini şirnikləndirərək Moskvaya qarşı qaldırmaq siyasəti ilə əlverişli statusa nail ola bilməz. Qısası, ABŞ-ın öhdəliklərinin onun üçün nəticə hasil etməsi incə, Ağ Evin diqqətli balanslaşdırmasından asılıdır.

Baydenin Əliyevə ünvanladığı təbrik məktubunda həmin konsepsiyalar təqdim edilir və ABŞ-ın Cənubi Qafqazdakı iştirakını gücləndirməyin yolunun Azərbaycanla məsləhətləşmələrdən keçdiyinə işarələr edilir.

Məhz bu səbəbdəndir ki, cənab Bayden Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq, ümumilikdə Trans-Xəzər regionunun çiçəklənməsi üçün töhfə verməyə hazır olduğunu bəyan edir.

Vəziyyətin Rusiya-Ukrayna müharibəsi kontekstində dəyərləndirilməsini aparan Baydenin ölkəsinin Azərbaycanın müstəqilliyi və suverenliyinə bir daha dəstək nümayiş etdirməsini bildirməsi mühüm mesajdır və bu bəyanat Rusiyaya qarşı yönəlib.

ABŞ-ın Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmaq xəttini tutması yaxşı haldır, amma bunu Rusiya-Ukrayna müharibəsi yanaşmasının içinə salması regionun perspektivini həssaslaşdıran məqamlardan xəbər verir.

Təbii ki, Azərbaycan strateji tərəzisinin əqrəbini tamamilə Ağ Ev istiqamətinə əyməyəcək və indiki şəraitdə ən uğurlu strateji davranış balanslı siyasəti qoruyub-saxlamaqdır.

Bunu Rusiya da dəyərləndirməlidir və Bakının maraqlarını şübhə altına alan hər-hansı siyasətdən birdəfəlik əl çəkməlidir.

ABŞ-la Azərbaycan arasında fikir ayrılıqları da mövcuddur. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti daxili siyasətə də sirayət edir və institusional çağırışlar təqdim edir.

Bu mövzular, eləcə də, insan hüquqlarına dair fundamental yanaşmadakı fərqlər Bakı-Vaşinqton əlaqələrində mübahisəli hissələrdir, bununla belə, Ağ Ev Azərbaycanın regional əhəmiyyəti səbəbindən Bakı ilə əlaqələri inkişaf etdirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top