Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub

SİYASƏT 20.05.2022 1041
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub. Son illər ölkəmizin sürətli inkişafı nəticəsində əvvəllər beynəlxalq yardımların ünvanı olmuş Azərbaycan artıq donor ölkəyə çevrilib. Bu status ölkəmiz qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır. Eyni zamanda biz uzun illər müharibə şəraitində yaşayan ölkə olaraq humanitar yardımın nə demək olduğunu, nə qədər mühüm vəzifə daşıdığını çoxlarından daha yaxşı dərk edirik. Belə ki, müstəqillik dövrünə müharibənin dəhşətlərini yaşayaraq qədəm qoyan, ərazisinin böyük hissəsi işğal edilən, bir milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qalan gənc dövlətimiz təbii ki, kənar yardımlara möhtac vəziyyətə düşmüşdü. Ölkənin müxtəlif bölgələrində tələm-tələsik qurulan qaçqın düşərgələrini həmin çətin dövrdə yerli imkanlarımızla saxlamaq qeyri-mümkün idi. Bir sıra ölkələrdən humanitar yardımlar gəlirdi. O keşməkeşli illərə nəzər saldıqda həmin mürəkkəb dövrün bizə çox qiymətli təcrübə qazandırdığını cəsarətlə söyləyə bilərik. Müstəqilliyi bərpa olunandan ilk illərdə bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün artıq firavan, müasir ölkəyə çevrilib. Dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş Azərbaycan özü möhtac ölkələrə humanitar yardımlar göstərən, əl tutan donor ölkədir. Belə ki, hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib.
Bu gün elə bir inkişaf səviyyəsinə çatmışıq ki, artıq nəinki irimiqyaslı regional investisiya layihələri hazırlayıb həyata keçirmək, həm də kasıb, inkişafdan geri qalmış ölkələrə yardım da göstərə bilərik. Bu da hazırda ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Xarici ölkələrə yardımların məqsədi də bütün sahələrdə beynəlxalq əməkdaşlığı daha da genişləndirməkdir. Yəni Azərbaycan bu gün beynəlxalq humantiar aksiyalara həvəskar şəkildə deyil, özünün Xarici siyasətinin əsas, davamlı istiqamətlərindən biri kimi baxır.
2011-ci ildən etibarən Asiya, Afrika, Latın Amerikasının 100-dən çox ölkəsinə ərzaq, dərman, təhsil yönümlü və digər humnitar sahələrdə yardımlar göstərilib. Məsələn, bəzi ölkələrdə xüsusi proqram çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin pulsuz müayinələr aparmalarına, zəruri hallarda katarakta və qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmalarına dəstək verildi.
Eyni zamanda qürurla deyə bilərik ki, dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə zamanı nəinki COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında, ümumiyyətlə, bu sahədə Azərbaycan dünyaya örnək göstərilən dövlətlərdən birinə çevrildi, hansı səbəbdən olursa-olsun humanitar yardıma ehtiyac duyan ölkələrə dərhal təmənnasız kömək əlini uzatdı. Pandemiya dövründə dövlətimiz 29-dan çox ölkəyə 100 tonlarla humanitar yardım göndərib. Bu yardımlar öz növbəsində çoxlu sayda insanın həyatının xilasına yönəlib. Beləliklə Azərbaycan beynəlxalq donor statusunun öhdəsindən layiqincə gəlir və etibarlı siyasi, iqtisadi tərəfdaş olmaqla yanaşı, çətin günün dostu olduğunu da uğurla nümayiş etdirir.
Azərbaycan bu mövqeyə gəlib çıxmaq üçün uzunmüddətli iqtisadi quruculuq yolu keçmiş və bütün bu işləri mütərəqqi beynəlxalq təcrübə əsasında həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları, xüsusilə, Dünya Bankı (DB) ilə sıx əməkdaşlıq etmişdir. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması bu dövrdə Azərbaycanla DB arasında əməkdaşlığın başlıca istiqamətləri olmuşdur.
Fəridə Ağayeva - Siyəzən şəhər M.Müşfiq adına 2 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top