Dollar bahalaşır: İnkişaf etmiş ölkələrdə istehsal dalana dirənəcək

İQTİSADİYYAT 18.05.2022 1356

Qlobal xammal, əmtəə və maliyyə bazarlarında o qədər ziddiyyətli proseslər cərəyan edir ki, nədəsə proqnoz irəli sürmək mümkün deyil. Bu da ondan irəli gəlir ki, ortada qlobal deyilən bir sistem artıq, qalmayıb - dünya iqtisadiyyatı parçalanıb və xeyli müddətdir, tam halında fəaliyyət göstərmir.

Məsələn, ABŞ dolları dünyanın bir sıra aparıcı valyutalarına nəzərən bahalaşanda əvvəllər əsas xammal məhsullarının qiymətləri düşürdü, indi isə belə deyil. Götürək, xam nefti... Neftin qiyməti yüksək olanda həmişə ABŞ dolları aşağı dəyərdə olurdu. Əksinə olduqda isə dollar qalxırdı, başqa sözlə, möhkəmlənirdi.

Ümumiyyətlə, dünyanın bir nömrəli iqtisadiyyatına sahib olan ABŞ neftin dünya bazar qiymətlərinə illər öncə dolların kursu ilə də təsir göstərə və onu idarə edə bilirdi. Federal Ehtiyatlar Sistemi (FED) mərkəzi uçot dərəcəsini qaldırmaqla dünya neft bazarlarında qiymətlər enir, aşağı salmaqla isə bahalaşırdı.

Hazırda isə təkrar edirəm, tamamilə fərqli mənzərə hökm sürür. Belə ki, Amerika valyutası məzənnə baxımından 2002-ci ildən bəri ilk dəfə olaraq ən yüksək hədd nümayiş etdirsə də neft də kifayət qədər bahadır, digər strateji məhsullar da. 

Üstəlik, qida məhsulları üzrə də həm bahaçılıq, həm də irəlidə qıtlıq gözləntisi hökm sürür.

Sual olunur, bütün bunlar nəyi göstərir? ABŞ valyutası olan dollar dünya valyutası rolunu oynamaqdan məgər kənarlaşıb, yoxsa söhbət başqa mətləbdən gedir?

Məsələ bundadır, hazırda elə bir vəziyyət yaranıb ki, hər bir tendensiya ayrılıqda özünə görə müəyyən məntiqdən və səbəblərdən doğur, qarşılıqlı təsirini isə hələ ki büruzə vermir.

Yəni, sabah hansı nəticələrin ortaya çıxacağı bəlli deyil.

Dolların bahalaşması da təsadüfi deyil. Bir az öncə ABŞ mərkəzi bankı FED faiz dərəcəsini növbəti dəfə qaldırdı. Bundan əvvəl isə bu ilin mart ayında qaldırmışdı. Onu da qeyd edim ki, mart ayında da 0,25 faiz olaraq qaldırılmışdı...

FED-in mart ayında verdiyi qərar 2018-ci ilin noyabrından bəri ilk addım sayılırdı. Və hazırda FED-in mərkəzi pul vəsaitləri üzrə uçot dərəcəsi 0,75-1 faiz aralığında təşkil edir.

Martda dollar əksinə, ucuzlaşmışdı. Amma bunun ötəri xarakter daşıdığı bəlli idi. Sadəcə olaraq, hər şey qabaqcadan məlum idi deyə, bazarlar bunu adi qarşıladı. Odur ki, kəskin dəyişiklik də baş vermədi.

Ancaq, adıçəkilən qurumun sözügedən qərarının cari il ərzində ardıcıl xarakter daşıyacağı bəyanatı dolların bahalaşacağının qaçılmaz olduğunu diktə edirdi. Bu baxımdan, may ayındakı qərarın nəticəsi təəccüb doğurmadı. Proses necə deyərlər, başlayıb.

Yeri gəlmişkən, ilin qalan dövrü ərzində daha 4 sayda belə qərar qəbul ediləcəyi və addım atılacağı gözlənilir.

Buna səbəb nədir?

Əvvəla, ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya) olduqca yüksək səviyyədədir. Beynəlxalq Valyuta Fondu adıçəkilən ölkədə sözügedən göstəricinin son 40 ilin ərzində ən pik nöqtəyə çatdığını qeyd edib.

İllik inflyasiya səviyyəsi yanvarda 7,5, fevralda 7,9, martda isə 8,5 faiz təşkil edib. Və bu, heç də iqtisadi artımdan qaynaqlanmayıb. Cari ilin I rübü ərzində Amerika iqtisadiyyatında 1,4 faiz tənəzzül qeydə alınıb. 

Xatırladım ki, FED rəhbərliyi faiz dərəcəsi barədə hər dəfə qərar qəbul etmək məqamı yetişəndə inflyasiya nəzərə aldığı əsas göstəricilərdən sayılırdı. Və inflyasiya 2-3 faiz aralığında olanda həmişə narahatlıq ifadə olunurdu.

İkincisi, Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatları inkişafdan dayanıb və böhrana doğru addımlamaqdadır. Buna səbəb Rusiya ilə iqtisadi-ticari əlaqələrin kəsilməsi, enerjidaşıyıcıların bahalaşması və çatışmazlığı, ticarət əlaqələrinin qırılması və zəifləməsi, qarşıda gözlənilən ərzaq böhranı və sairədir. 

Nəticədə avro özü də dəyər itirməkdədir.

Üçüncüsü isə, enerjidaşıyıcılarının qiymətləriylə bağlıdır ki, ABŞ neft bazarına əvvəlki kimi nəzarət və təsir edə bilmir. 2016-cı ilədək bu mümkün idi, son 5-6 ildir OPEC bu sahədə əsas qüvvə rolunda çıxış edir. Xüsusən, neftin baha olması isə ABŞ-da bu sahədə sənayeni çökdürməklə ümumən iqtisadiyyat üçün resessiya təhlükəsi yaradır.

Və nəhayət dördüncüsü, son 10 ildən çox bir müddət ərzində iqtisadiyyatı dəstəkləmək məqsədilə dövriyyəyə buraxılan külli miqdarda kağız dollar kütləsi bir gün ölkənin maliyyə dayaqları üçün əsil “sel sularına çevrilərək” yuyub aparma təhlükəsi yarada bilər. Odur ki, FED uçot dərəcəsini cari il ərzində ardıcıl olaraq qaldırmaqla həm də pul kütləsinə nəzarəti möhkəmləndirmək istəyir.

Bəs, bütün bunlar dünya iqtisadiyyatında vəziyyəti sabitləşdirəcəkmi? Yardımçı rolunda çıxış edəcəkmi? Xeyr...

Sual olunur ki, niyə? Ona görə ki, Aİ iqtisadiyyatının böhranla üzləşməsi ABŞ-ı da çəkib ardınca bataqlığa salacaq.

Söhbət ondan gedir ki, ortada qlobal deyilən bir sistem artıq qalmayıb və dünya iqtisadiyyatı parçalanıb. Ötən şərhlərimin birində də yazmışdım ki, Qərbin sanksiyaları son nəticədə həm də Dünya iqtisadi sisteminin özünün dağılması ilə nəticələnə bilər və nəticələnməkdədir də. 

Çünki bunun fəsadlarının inkişaf etmiş ölkələrin özləri üçün də ağır olacağı qabaqcadan əyani görünürdü. O səbəbdən ki, qlobal iqtisadiyyat getdikcə daha çox mərkəzləşmiş struktur üzrə inkişaf etməkdə və formalaşmaqda idi. Rusiya-Ukrayna müharibəsi isə bu prosesə mane oldu. Və Qərb, sözügedən müharibəyə görə əsas mübarizə üsulu kimi seçdiyi sanksiyaların tətbiqi üsulunun əslində özü üçün hansı itkilərlə nəticələnəcəyinə əhəmiyyət vermədi və hələ də fərqinə varmır.

Bəs, çıxış yolu nədədir ?

Çıxış yolu budur: Qərb və Avropa getdikcə əslində elə bir üsul seçməyə məhkumdurlar ki, sanksiyaların tətbiqi dünyada enerjidaşıyıcılarının qiymətlərini də aşağı salsın. Buna nail olmadan mümkün deyil.

Demək istədiyim budur ki, qlobal iqtisadiyyat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda birinciyə qarşı ardıcıl olaraq tətbiq olunmaqda davam edən sanksiyalar ucbatından getdikcə daha çox uçuruma gedir. 

Enerji resurslarının bahalaşmasının qarşısını almaq mümkün olmasa inkişaf etmiş ölkələrdə istehsal dalana dirənəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top