Atanın qanına, sevdiyinin həsrətinə səbəb olan, əngəl tanımayan qocaman sevgilər - FOTO

CƏMİYYƏT 15.05.2022 1511

Sevgi dünyanı xilas edəcək deyiləndə çox da inanmırıq. Amma nə qədər də inkar etsək, həyatda baş verən bütün gözəlliklərin təməlində sevgi və mərhəmət dayanır. Bəzən küçədə qarşılaşdığınız yaşlı insanların gözlərindəki o parıltı məhz sevgidir...

Saçlarının ağ telində, üzlərinin hər bir qırışında həyatda yaşadıqları xoş və hüzünlü günlərin izi var desək, yalan olmaz.

Bu gün mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Bu fövqəltəbii gün ilə bağlı bir neçə qocaman cütlüyün tanışlıq hekayəsini topladıq. 60 ildən yuxarı həyat yoldaşı ilə birgə addımlayan, bir-birini əlini bərk-bərk tutan cütlüklərlə danışdıq.

Onların bir qismini bir-birinə sevgi bağlasa da bir neçəsi həyatın qurbanı olub. Buna rəğmən hörmət hissi, ailə dəyəri onları da illəri geridə qoymağa kömək edib.

Oxu.Az eşqləri qocalmayan bu qocaman cütlüklərin, iki bədəndə bir can kimi bütövləşən sevgililərin tanışlıq hekayələrini təqdim edir:

“Dost başa baxar, düşmən ayağa” misalını alt-üst edən sevgi...

Mirsaleh-Səhərgül Qasımovlar – 40 ilə yaxın...

Şəkinin sadə ailələrindən olan, əlinin zəhməti ilə həmyaşıdlarından seçillən cavan oğlan. Zəhmli, bir o qədər də sərt xarakterə sahib Mirsaleh kişi. O, başmaqçı olub. Sevdiyi qız ilə də elə iş başında tanış olub. Günlərin bir günü Səhərgül adlı gözəl-göyçək qız ayaqqabısını təmir etdirmək üçün başmaqçıya gəlir. Elə bu zaman bir-birini görən iki gənc bir könüldən min könülə aşiq olur.

Çətin keşməkeşli həyat yolu keçən Mirsaleh kişinin valideynləri erkən vəfat etdiyindən və evin də tək uşağı olduğundan çox əziyyətlə böyüyüb. Nəvəsinin sözlərinə görə, çox zəhimli kişi olub. Qohum-qonşu hamı ondan çəkinirmiş. Bu da onun tək başına hər işin öhdəsindən gəlməsi ilə bağlı olub:

“Əlqərəz babam köhnə daxmada qalırmış, bir gün Şəkiyə güclü sel gəlib və kəpicdən olan evi yuyub aparıb. Babam suyun altında qalıb. Sonra (indi Şəkidə yaşadığımız evi tikib. Nənəm isə varlı ailənin qızı olub. İmkanları yaxşı olsa da təhsil almayıb, saf qadın olub. Babamla başmaq düzəldərkən tanış olub və xoşuna gəlib. Əvvəlcə yetim olduğuna görə ailəsi qızı ona vermək istəməyib. Lakin çox zəhmətkeş insan olduğu üçün nənəmin atası qızını ona vermək qərarına gəlib. Nənəm isə babamın tam əksi, ləng, ev işlərində də zəif olub. Buna görə də bir neçə dəfə babamın qəzəbinə tuş gəlib. Aralarında yüngül mübahisələr yaşanıb ki, bu da hər ailədə olur. Bir neçə dəfə babam nənəmə əl qaldırıb, amma buna baxmayaraq nənəmi dəlicəsinə sevib. Onların bu izdivacdan 4 qızı və 2 oğul övladları dünyaya gəlib. Babamı görməmişəm, amma məni nənəm böyüdüb. Həqiqətən də çox saf və möhtəşəm bir insan olub. Bu günə qədər də nənəmin yoxluğu ilə barışa bilmirəm. Babamı tanımamış olsam da, nənəmi tanıdığımdan onu necə sevdiyini təsəvvür edə bilirəm. Babamı uşaq vaxtı danışılanlardan təsəvvür etmişəm, xatirəmdə, zəhmli, əməksevər, ailəsinə dəyər verən biri kimi qalıb. Öz atam da xasiyyət olaraq babama çox bənzəyir. Onun kimi səliqəli və zəhmətkeşdir”.

Hicran-Kazım Nəsibovlar – 75 il

Hicran nənənin sevgisi isə heç başlamamış bitib. Müslüm adlı oğlanla bir-birini istəyiblər. Ailə arasında nişan üzüyü taxan cütlüyü Böyük Vətən Müharibəsi ayırır. Müslümü müharibəyə yola salan Hicran nənə onun yolunu gözləsə də təəssüf ki, sevdiyi adamın ölüm xəbəri gəlir.

Qızı danışır ki, o vaxt el adətlərinə görə, nişanlısı müharibədə şəhid olan qızları həmin ailənin digər oğlanına alırmışlar:

“Hicranı (anasını) da gözü yaşlı-yaşlı Müslümün qardaşı Kazıma alıblar. Kazımın da öz istədiyi olduğundan bu izdivac ailə böyüklərinin və adətlərin təzyiqi ilə baş tutub.

Bir-birini sevməsələr də, qarşılıqlı hörmət çərçivəsində dolanıblar. Buna baxmayaraq Hicran nənə Müslümün müharibədən ona yazdığı bütün məktubları saxlayıb, hər gün dönə-dönə oxumaqdan yorulmurmuş. Müslümdən geriyə qalan yazdığı məktublar və müharibəyə getməzdən öncə ona hədiyyə etdiyi qızıl sırğalar idi. Hicranla Kazım adətlərə görə məcbur ailə qursalar da, münasibətləri çox soyuq olub. Bu evlilikdən onların 5 uşağı (3 qız, 2 oğlan) dünyaya gəlib. Ailə qursalar da, öldükləri günə qədər Kazım kişi ürəyində sevdiyi qadına, Hicran nənəsi isə Müslüm kişiyə olan sevgisini yaşadıb.

Bir gün Müslüm kişinin Hicran nənəyə bağışladığı qızıl sırğa qırılır, bu onu çox üzür. Dişi ilə sırğanı düzəltməyə çalışarkən, daha da əzir. Amma buna baxmayaraq ölən gününə qədər həmin əzik sırğanı qulağından çıxartmır. Kazım kişi isə ölənə qədər gənc vaxtı sevdiyi qadının şəklini döş cibində gəzdirir və vəsiyət edir ki, həmin şəkli onunla birlikdə məzara qoysunlar”.  

Hər ikisi də öz sevgilərinə və hisslərinə hörmətlə yanaşmağı öyrənirlər.

Hicran nənənin qızı deyir ki, bir-birlərini sevməsələr də anam öləndə atam çox ağlayıb:

“Heç anamın ölümündən 40 gün keçməmiş atam da qəhərindən ölüb. Hərçənd ki, atam çox gümrah kişi olub. Vəfat etdikləri günə qədər hər ikisi cavanlıqlarına, məhv olan həyatlarına ağlayıblar”.

“Eşq əngəl tanımaz”...

İndiki cavanlar bunu bilməz. Hamı hər oyundan çıxır, amma “qızın məndən əvvəl sevgilisi” olmasın ədası ilə həyat yoldaşı axtarır. Bu cütlüyümüzün sevgisi isə məsafələr tanımayıb.

Valentina-Tofiq Əliyevlər – 40 ilə yaxın...

Valentina və Tofiq cütlüyünün sevgisi dərin olsa da, ömür bu sevgini uzun illər davam etdirməyə vəfa etməyib.

Əslən Ukraynadan olan Valentinanın atası Böyük Vətən Müharibəsi illərində itkin düşür. Kişinin nə ölüsü tapılır, nə dirisi. Bu zaman Ukraynada vəziyyət pis olduğuna görə, aclıq, səfalətə dözə bilməyən Valentina nənəmiz ailəsi – anası və balaca qardaşı ilə birlikdə Bakıya gəliblər.

Bakıda indiki “Alov qüllə”ləri olan ərazidə yaşayıblar. 1929-cu ildə anadan olan Valentina nənə həyatının eşqini məhz Bakıda tapır. Heç kimin ağlına da gəlməzdi ki, qonşuluqda yaşayan Tofiq Valentinaya aşiq olar.

Nəvəsi deyir ki, bir-birini ilk dəfə 12 yaşında görən cütlük arasında 15 yaşında duyğusal bağlar yaranır:

“Tofiq babanın Valentina nənədən o qədər xoşu gəlib ki, bir könüldən min könülə ona aşiq olub. Ailələr təbii ki, bu sevgini dəstəkləməyiblər. Lakin heç kimin ağlına gəlməyən sevgi ilbəil daha da böyüyüb.

Tofiq baba utandığından nənəmə sevgisini ifadə edə bilməyib. Bu işdə ona fotoqraf olan dostu kömək olub. Bel ki, həmin fotoqrafın sevgilisi də Valentina nənənin rəfiqəsi olur. Onlar aralarında plan qurur ki, Valentinanı şəkil çəkdirmək adı ilə fotostudiyaya gətirsinlər. Bu ərəfədə özünü yetirən Tofiq baba da fürsətdən istifadə edib onunla dialoq qurur.

Əl qərəz, nənəmin şəklini çəkib şəklin arxasına “Tofiqdən Valentinaya” yazıb göndərirlər. Beləcə başlayırlar sevgili olmağa. Tofiq baba əsgərliyə getməzdən əvvəl nənəmlə ilə evlənmək istəsə də, ailələr buna icazə vermir. Babam əsgərlikdə olanda nənəmə elçi gəlir və ailəsi onu evləndirir. Bunu eşidən babam əsgərlikdən qaçır. Gəlib nənəmi yenicə ailə qurmuş olsa belə, evindən qaçıraraq, aparır. Fərari olduğu üçün bir müddət çətinlik çəksələr də, zamanla hər şeyi yoluna qoyublar. Nənəm rəsmi olaraq boşandıqdan sonra Tofiq babamla ailə qurur”.

Onların çox gözəl, sevgi dolu günləri olur. Tofiq baba maşın alır və onlar o maşınla bir çox dünya ölkələrini gəzməyə çıxırlar. Nəvəsi danışır ki, həyatın hazırladığı sürprizlərdən xəbərsiz olan cütlüyün sevgisi təəssüf ki, yarım qalır:

“Babam 57 yaşında vəfat edir. Gözəl sevgidən geriyə isə yeddi gözəl övlad qalır. Nənəm bu gün də danaışır ki, babam uşaqları çox sevirdi. Heyf ki, övladlarını dilədiyi kimi böyütmək və xoş günlərini görmək ona nəsib olmadı. Amma o, uşaqlarını Tofiq babamın istədiyi kimi, sevgi və mərhəmət hissi aşılayaraq böyüdüb”.

“Sevgisi naminə atasını belə qurban verən qadın”...

Cütlüyünün hekayəsi isə bir qədər kədərli başlayır. Belə ki, Gülsüm Qardşaxanı dəlicəsinə sevib. Baxmayaraq ki, sevdiyi adamın könlünün başqa qızda olduğunu bilib, yenə də ondan əl çəkməyib. Necə deyərlər, ən son ölən ümidlərdir.

Gülsüm-Qardaşxan Hüseynovlar – 60 il

Bu minvalla Gülsüm nənə Qardaşxan dayıdan başqa kimsə ilə evlənməyəcəyini ailəsinə bildirib.

Gülsümün qızı danışır ki, valideyn olaraq babası bu vəziyyətdən çox narahat olub:

“Qapısına gələn bütün elçilərə “qızımın nişanlısı var” deyib, geri qaytarırmış. Nəhayət bu işə bir əncam çəkmək qərarına gələn Həsənağa kişi (red – Gülsümün atası) canı bahasına qızını sevdiyi adama qovuşdurmaq qərarına gəlir.

Bir gün ov tüfəngi ilə özünü güllələyir. Ölümcül ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsənağa kişi həkimləri yox Gülsümü və Qardaşxanı çağırmalarını istəyir. Elə xəstəxana otağında can verərkən, Qardaşxana “qızımını sonsuzadək sənə əmanət edirəm” deyib. Nişanə olaraq isə öz barmağındakı üzüyü Qardaşxanın barmağına taxaraq onların həyatlarını birləşdirib. Son nəfəsini isə qızının xoşbəxt olacağı ümidi ilə verərək, gözlərini yumub.

Qardaşxan Gülsüm ilə evlənir, bu izdivacdan 5 övladları dünyaya gəlir. Gülsümü ürəkdən sevməsə də, 60 ildir ki, ailə dəyərlərinə sadiq qalaraq, xanımı kimi ona hörmət bəsləyib. Gülsüm isə dəlicəsinə sevdiyi adamlar bir ömür yol getdiyi üçün bu gün də xoşbəxtlərin xoşbəxtidir”.

“Səni traktorun arxasına bağlayacam”...

Kolxozda başlayan sevgi. Necə deyərlər həm ziyarət, həm ticarət. Nə işindən qalıb, nə də sevgidiyi qızı seyr etməkdən.

Zibeydə-Məhəmməd Hacıyevlər-50 il

Xaçmazda yaşayan Məhəmməd baba kolxozda işləyirmiş. 20 yaşında kolxozda işləyən gözəl, göyçək, əsmər bir xanıma aşiq olub.

Nəvəsi deyir ki, o vaxt traktor sürənlər təkcə kişilər deyildir:

“Qadınlar da zəhmətkeş olurdu. Onlardan biri də bizim qəhrəmanımız Zibeydə nənə olub. Zibeydə nənə traktor sürərkən Məhəmməd kişi onu uzun zaman müşahidə edir. Nəhayət qərara gəlir ki, ona hissləri barədə danışsın. Günlərin bir günü kolxozda yenə işə gəlirlər. Məhəmməd baba sürdüyü traktoru Zibeydə nənənin sürdüyü traktorun qarşısına burur. Bundan qəzəblənən Zibeydə nənə traktordan düşüb, Məhəmməd babaya acıqlanıb.

Məhəmməd baba ona hissləri barədə danışdıqdan sonra deyib ki, ya mənimsən ya qara torpağın. Ailəsini Zibeydə nənəgilə elçi göndərir və deyir ki, “qızı mənə verməsəz, traktorun arxasına bağlayıb qaçırdacam”.  Ailə oğlanın dəlilik edəcəyindən qorxur və qızı verir. Cütlüyün iki övladı olur. Dəlisov və bir o qədər də romantik Məhəmməd baba 58 yaşında şəkər xəstəliyindən vəfat edib”.

Məktəbdən başlayan eşq hekayəsi

Tərlan və Abid Hacıyevlər - 60 ilə yaxın xoşbəxt ömür yolu keçiblər.

Bu cütlüyümüz də vəfat etdiyindən onların maraqlı tanış hekayəsini bizə nəvəsi danışır. Onun sözlərinə görə Abid kişi Tərlan qızımıza aşiq olanda beşinci sinifdə oxuyurmuş.

“Yeddi qonşunu bir-birinə qatan gəlin”...

“Nənəm onda beşinci sinfə gedirmiş. Kənd məktəbinə gedən yolda isə arx varmış. Balaca olduğu üçün ordan keçə bilmirdi. Babam da onun əlindən tutub həmişə ordan keçirirmiş. Elə bir gün belə, beş gün belə nənəmə aşiq olub. Bu barədə ailəsinə deyib. Atası-anası qıza ad eləyib, yaşları çatana qədər gözləyiblər. Babamın atası kolxozda işləyəndə deyirmiş ki, mən elə gəlin istəyirəm ki, bu ətrafdakı yeddi qonşunu da bir-birinə qatsın. Nənəm də elə orda olub, qayıdıb deyib ki, ay Həmid dayı, məni al, mən onların hamısını bir-birinə qataram. Nənəmin bu sözü qayınatasının xoşuna gəlib. Elə beləcə ailə onu alıb oğluna”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top