Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib-FOTO

CƏMİYYƏT 11.05.2022 1300

Bu gün tanınmış jurnalist, yazıçı-publisist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib. Ölkənin jurnalist və idman ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasim Masazır qəsəbəsində mərhumun yaşadığı evin qarşısında olub. Toplantıda çıxış edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu M.Süleymanzadəni peşəkar jurnalist, eyni zamanda ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla birgə çalışdığı illərə ekskurs edərək bildirib ki, mərhum qələm sahibi həmişə sözün təəssübünü çəkib, eyni zamanda sözün milli maraqlar naminə işlədilməsində fədakarlıq, qorxmazlıq göstərib. T.Aydınoğlunun fikrini davam etdirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, M.Süleymanzadə tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat təmsilçilərindəndir. M.Süleymanzadənin əzmkarlığı ilə ərsəyə gəlmiş “Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan cəmiyyətinə çatdırılmasında müstəsna rol oynaylb. Nəşrin faciəni əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu, Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir. Ə.Amaşov eyni zamanda bildirib ki, işgüzarlığını və əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış M.Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisinin formalaşdırılmasının fəal təşəbbüskarlarından olub. Bu məclis işini ömrünü-gününü peşəsinə həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə nəcib və xeyirxah təşəbbüslərə imza atıb. MŞ sədri çıxışında həmçinin qeyd edib ki, M.Süleymanzadənin mənalı həyat yolu jurnalistikaya çoxşaxəli fəaliyyət sahəsi baxımından yanaşmanın örnək sayıla biləcək nümunəsidir. İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov M.Süleymanzadəni əsl dost, həmkar kimi xarakterizə edən keyfiyyətlərə diqqət çəkib. Onun yoxluğunun bütövlükdə Azərbaycan jurnalistikası üçün ağır itki olduğunu vurğulayıb. Toplantıda çıxış edənlər M.Süleymanzadə şəxsiyyətini bütövlük, mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi kimi dəyərləndirib, xatirələrini bölüşüblər. Qeyd edək ki, Məzahir Süleymanzadə bu gün 69 yaşında vəfat edib.O, Mərdəkanda ailə qəbistanlığında torpağa tapşırılıb.
 




XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top