“Qaz döyüşü”nün taleyi bəlli olur: Avropa Rusiyaya “əlvida” deyir - TƏHLİL

DÜNYA 08.05.2022 1099

Artıq Qərbin sivil ölkələri “zəhərli” Rusiya qazından imtina edir. Rusiyanın əsas xarici bazarlara mavi yanacaq ixracı aprel ayında üç aylıq dövr üçün ən aşağı rəqəmə düşüb. Moskvanın Aİ ölkələrinin əksəriyyəti ilə münasibətləri tamamilə kəsilmək üzrədir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Qərb dünyası çətin bir dilemma qarşısındadır. Rusiya ilə “soyuq müharibə” vəziyyətində olan Qərb bir tərəfdən ona sanksiya tətbiq edir, münasibətləri minimuma endirir, digər tərəfdən isə enerji daşıyıcıları alır. Rusiya da satışdan əldə etdiyi yüz milyonlarla gəliri Ukraynada müharibəyə sərf edir. Bəs belə vəziyyət nə qədər davam edəcək? Avropa İttifaqı növbəti sanksiya paketinə Rusiyanın enerji daşıyıcılarını da salacaqmı? Bu sual ətrafında çoxsaylı proqnoz və analizlər aparılsa da, ortada yekun nəticə yoxdur. Bir qrup hesab edir ki, qadağaların tətbiq edilməsi Avropada xaos yaradacaq. Onların qənaətincə, Rusiyadan qaz alınmasında məhdudiyyətləri ən azı iki il gözləmək gərəkdir. Daha radikallar, məsələn, Polşa və onunla həmfikir olan dövlətlər enerji alınmasına dərhal son qoyulmasını tələb edir.

Lakin görünür, Qərb Rusiyanı tədricən çökdürməkdə maraqlıdır. Bu fonda Rusiya üçün kritik gün mayın 10-da ola bilər. Həmin tarixdə Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləməyə ümid edir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrellin sözlərinə görə, SWIFT beynəlxalq bank sistemindən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək. Avropa diplomatiyasının rəhbəri hansı bankların məhdudiyyətlərə məruz qalacağını dəqiqləşdirməyib. Altıncı paketin əsas vəzifəsi Rusiya neftinin idxalının tədricən məhdudlaşdırılmasıdır. Bu, Moskvanı böyük gəlirlərdən məhrum edəcək. Nəzərə alaq ki, Rusiya neft və neft məhsullarının ixracının az qala yarısı Aİ-nin payına düşür. 2021-ci ildə Aİ ölkələri Rusiyadan 70 milyard avro dəyərində neft və neft məhsulları idxal edib. Aİ bu yay Rusiya kömüründən də imtina edəcək. Bundan əvvəl Avstriya, Macarıstan və Slovakiya Aİ-nin Rusiya neftinə qarşı embarqosuna veto hüquqlarını geri götürüb.

Görünən həm də odur ki, Rusiyadan qaz ixracı da üç ay ərzində minimuma enib. “Artıq Qərbin sivil ölkələri “zəhərli” Rusiya qazından imtina edir. Rusiyanın əsas xarici bazarlara mavi yanacaq ixracı aprel ayında üç aylıq dövr üçün ən aşağı rəqəmə düşüb”, - deyə “Bloomberg” yazır. Ukraynaya hərbi müdaxilədən sonra getdikcə daha çox ölkə Rusiyadan qaz alınmasını azaldır və ya bu ölkənin enerji resurslarından tamamilə imtina edir. Avropa əsas təchizatçısını dəyişir və rekord həcmdə mayeləşdirilmiş təbii qaz idxal edib. Qərb mediası yazır ki, Avropada isti havalar və Asiyada tələbin azalması da qiymətləri aşağı salıb. Bundan əvvəl bildirilmişdi ki, son 4 ayda Rusiyanın qaz  inhisarçısı “Qazprom”un MDB-dən kənar ölkələrə qaz ixracı 26,9 faiz azalıb.

Polşa isə daha sərt addım atıb. Bu ölkə Rusiyanın qaz asılılığından çıxdığını rəsmən bəyan edib. Bildirilib ki, Rusiya qazından asılılığını kəsməklə Polşa suverenliyini nümayiş etdirib. "Ehtiyatlı olmağımız sayəsində, bu gün Polşa Rusiya qazından asılılıqdan azad olub”, - deyə rəsmi bəyanatda vurğulanıb. Əlavə edilib ki, Polşanın qaz anbarları həmişə olduğu kimi, doludur. Qeyd edilir ki, bu qazın 78 faizi şimaldan, cənubdan, qərbdən və Polşanın öz ehtiyatlarından gəlir. Bundan əvvəl isə Polşanın PGNiG qaz şirkəti bildirmişdi ki, Rusiya bu ölkəyə qazın nəqlini dayandıracaq. Moskva bu qərarını onunla izah edib ki, Varşava Rusiya qazı üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd edib. Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil etmişdi. “İnterfax” agentliyi “Qazprom” şirkətinin nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir. PGNiG-in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb.  Amma Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə maye qaz da alır. Maye qaz Polşanın idxalında bu il 26 faiz təşkil edib. Oktyabr ayında isə Norveçdən çəkilən yeni kəmər işə düşməlidir. Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir. Bolqarıstan hökuməti də bildirib ki, “Qazprom” şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb. “Bulqarqaz” şirkəti bildirir ki, Rusiyanın ödəniş üçün yeni tələbi mövcud kontraktın şərtlərinə ziddir. Rusiyanın Avropada ən böyük bazarı - Almaniya da bu ölkədən enerji daşıyıcılarından asılılığını xeyli azaldıb.

Beləliklə, proqnozlara görə, bu ay Rusiya ilə Aİ arasında enerji qarşıdurmasında həlledici ay olacaq. Neft tədarükünə potensial embarqonu və qazın pulunu rublla ödəməkdən imtinanı nəzərə alsaq, Moskvanın Aİ ölkələrinin əksəriyyəti ilə münasibətləri, nəhayət ki, kəsiləcək. Düzdür, o zaman sual yaranır ki, Rusiya büdcəsini necə dolduracaq? Bu suala da may ayında anlaşılan cavab verilməlidir. Əks halda ölkə ciddi büdcə kəsiri, xarici öhdəliklər üzrə defolt və dərinləşən iqtisadi depressiya ilə üzləşə bilər. Bu, Rusiyaya qarşı dünya tarixində görünməmiş sanksiyaların nəticəsi kimi artıq nəzərə çarpır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top