Polis maşını ilə gündəmə gələn dizayner: “Prius” haqqında da video olacaq” - MÜSAHİBƏ + FOTO

GÜNDƏM 04.05.2022 1157

Müasir dövrün aparıcı sahələrindən biri reklam, onun ayrılmaz hissəsi isə qrafik dizayndır. Bu gün cəmiyyət dəyişdikcə tələb-təklif də dəyişir. Əvvəlki dövrlərlə müqayisədə bu gün ən çox sənaye məhsulları istehsal edən ölkələr deyil, ən çox informasiya istehsal edən cəmiyyətlər liderliyi ələ ala bilir. 

Qrafik dizayn və qrafik dizayner dilimizə yeni daxil olmuş terminlər olsa da, bu sahədə fəaliyyət göstərən şəxslər artıq qısa zamanda öz işləri ilə cəmiyyətin diqqətini çəkməyə nail ola biliblər. 

Onlardan biri də son günlərin ən trend videoçarxını hazırlayan və sosial şəbəkələrdə “Cgaix” ləqəbi ilə tanınan Ayxan Azaddır.

Oxu.Az sözün əsl mənasında qrafik dizaynın “haqqını verən” Ayxan Azadla (“Cgaix”) müsahibəni təqdim edir:

- Əvvəlcə sizi bir qədər tanıyaq…

- Adım Ayxan Azad. 25 yaşım var. Memarlıq və İnşaat Universitetinin məzunuyam. Hazırda telekanalların birində qrafik dizayner vəzifəsinə çalışıram.

- Hər kəs sizi “Cgaix” kimi tanıyır. Elə bundan başlayaq, niyə belə bir ləqəb?

- Bu ləqəb “Computer Graphics” və Ayxanın birləşməsindən yaranıb. Bu ləqəbi seçərkən məqsədim qısa və özəl olması idi. Belə deyim, ləqəbin qısa olmasına rəğmən, bütün sosial şəbəkələrdə “login” (istifadəçi adı) olaraq ala biləcəyim bir söz tapmalı idim. Bu da “cgaix” oldu.

- Bu sahəyə marağınız necə yarandı?

- Marağım avtomobillərə olan həvəsimdən irəli gəlir. Hobbi olaraq başladı, daha sonra dərindən öyrənməyə başladım.

- Ümumiyyətlə anlayışı olmayan bir insana qrafik dizaynın nə olduğunu necə izah edərdiniz? 

- Ətrafımızda olan hər şey, şokolad kağızından film afişalarına, istifadə etdiyimiz telefonlardan tutmuş mindiyimiz avtomobillərə qədər hamısı qrafik dizaynın məhsuludur. Bir fikrin, bir ideyanın gerçəkliklə qarşılaşmasıdır. Güclü strategiya ilə birləşərək daha çox insana çata bilir.

- İlk olaraq sosial şəbəkələrdə Dövlət Yol Polisinin xidməti avtomobilləri ilə bağlı hazırladığınız qrafika sürətlə yayıldı və kifayət qədər də ciddi reaksiyalara səbəb oldu. Gözləyirdinizmi?

- Polis maşını ilə bağlı hazırladığım video ilk səs salan paylaşımım oldu. Həmin zamana qədər sadəcə vaxt tapdıqca, həvəskar olaraq videolar paylaşırdım. Ancaq həmin avtomobilin videosundan sonra çox sayda insan məndən yeni maraqlı işlər gözləməyə başladı. İzləyicilərimin mənə stimul verməsi bu işdə önəmli bir rola sahib idi. Mən də artıq çalışdığım qədər işimə məsuliyyətlə yanaşmağa başladım.

- Bəs peşəkar dizayner olmaq üçün ali məktəbdə oxumaq vacibdir, yoxsa özəl kurs təhsili kifayət edir?

- Mən özüm biliklərimi “YouTube” üzərindən öyrənmişəm. Məncə, həvəs olduqdan sonra hər kəs bacara bilər. Ancaq daha peşəkar olmaq üçün kursunu keçmək, məncə, vacibdir. Çünki özümüzün axtarıb nəyisə öyrənməyimiz zaman itkisi ola bilər.

- Bu sahədən gəlir əldə edirsinizmi?

 - İşim xaricində hələ ki başqa bir gəlir əldə etmirəm. Pul hər zaman mənim üçün ikinci planda olub.

- Valideynləriniz bu sahədə sizə dəstək olurlar, yoxsa necə? Demirlər ki, “boş-bekar işlərdir”? Çünki yaşlı nəslin nümayəndələri bu kimi yeni sahələrə bir qədər yaddırlar.

 - Xeyr, əksinə, valideynlərim mənə həddən artıq dəstək olurlar. Onların elə ən böyük dəstəklərindən biri mənə kiçik yaşlarımda kompüter alıb, düzgün məcraya yönəldərək ondan istifadə etməyimi başa salmaqları olub.

- Necə düşünürsünüz, 100 nəfərin etdiyini etmək, yoxsa bir işlə 100 il yadda qalmaq?

- Burada məqsəd olaraq şəxsi maraqlar nəzərdə tutulursa, düşünürəm ki, bir işlə yüz il yadda qalmaq daha yaxşıdır.

- Hazırda hansısa şirkətlə əməkdaşlıq edirsiniz? Bu gün üçün bu sahədən aldığınız məvacib nə qədərdir və bu sizi qane edirmi?

- Hazırda televiziya sahəsində işlədiyim üçün orada çox fərqli və maraqlı insanlar tanıyıram. Bunun özü böyük təcrübədir. Çox həvəsim olduğu üçün alacağım məvacibi düşünmədən işə başlamışam. Qalan şeyləri, düşünürəm ki, zaman göstərəcək.

- Ümumiyyətlə, sizə görə ən yaxşı işiniz hansıdır?

- Bu suala cavab vermək mənim üçün çətindir, çünki heç birini bir-birindən ayırmıram. Görünüş olaraq biri digərindən yaxşı ola bilər izləyicilər üçün. Məncə də bu suala onlar cavab versələr, daha düzgün olar. Çünki mən bütün işlərimə eyni həvəslə yanaşmışam.

- Hazırda dizaynda hansı rənglərə üstünlük verilir, trendlər nədir?

- Yeni trendlər çoxdur, hazırda, gördüyüm qədərilə, yumşaq rənglərə daha çox üstünlük verilir.

- Necə düşünürsünüz, qrafik dizayn ilə cəmiyyətdə bir inqilab yarada bilərsinizmi?

- İnsanların mobil tətbiqlərə üstünlük verdikləri bir zamanda onlarda kompüter proqramlarından, daha doğrusu, qrafik proqramlardan istifadə etmək həvəsi yaratdım. Biz daha çox başqalarının yaratdığı mobil tətbiqlərdən, proqramlardan istifadə edirik. Düşünürəm ki, tək qrafika sahəsində deyil, eləcə də kompüter texnologiyaları sahəsində də biliklərimizi artırıb yeni proqramlar, yeni oyunlar və ya öz tətbiqlərimizi yarada bilərik. Xaricilər öz telefonlarında həmyerlilərimizin hazırladığı məhsullardan, proqramlardan istifadə etsələr - əsl inqilab budur. 

- Bu sahədə patent məsələsi, loqo oğurlanması kimi hallarla rastlaşmamış olmazsınız. Bununla necə mübarizə aparırsınız?

- Sosial şəbəkələrdə bu kimi hallarla çox qarşılaşıram. Hüquqi tərəfdən həll edirəm bu kimi problemləri. Çox zaman müəllif hüquqları səbəbindən kontentimi oğurlayan şəxslərin paylaşımları sildirilir.

- Bu gün üzərində işlədiyiniz əl işiniz hansıdır?

- Üzərində işlədiyim üç yeni video var. Bunların ikisi sirr olaraq qalsın. Ancaq biri izləyicilərin çoxunun istəyini nəzərə alaraq hazırladığım, hamımızın çox sevdiyi “Toyota Prius” avtomobil markası haqqında bir video olacaq.

- Dizaynerlərin ən çox üzləşdiyi problemlər nə olur?

- Düşünürəm ki, problemlərdən biri məvacibdir. Xaricdə və ya xaricilərlə işləyən qrafik dizaynerlərimiz yerli bazarla işləyənlərə nisbətən qat-qat artıq pul qazanır, məvacib alırlar. 

- Gələcəkdə öz şirkətinizi qurmağı düşünürsünüzmü?

- Qarşıda böyük planlarım var. Hamısını zaman göstərəcək.

- Sizin hazırladığınız məhsullar avtomobillərlə bağlıdır. Bunun xüsusi bir səbəbi varmı?

- Avtomobillərə olan marağımdan irəli gəlir. Həm də düşünürəm ki, kontent olaraq ölkədə avtomobillər barədə rəqəmsal məhsul hazırlayanlar çox azdır.

- Bilirik ki, indi Hollivudda kinolar pavilyonlarda çəkilir. Hazırladığınız videolar internetdə yayılandan sonra xaricdən əməkdaşlıqla bağlı təkliflər gəlirmi?

- Hələ ki, xarici şirkətlərdən təklif gəlməyib. Düşünürəm ki, bunun üçün qarşıda hələ çox zaman var.

- Mədəniyyət Nazirliyi ilə kino çəkmək və ya əməkdaşlıq etməklə bağlı planlar var? 

- Avtomobillər haqqında film hazırlayırıq. Hələ ki ssenarini bitirməmişik. Hər şey hazır olduqdan sonra bəli, Mədəniyyət Nazirliyinə dəstək üçün müraciət edəcəyik.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top