Prezidentin “daha güclü Azərbaycan” anonsunun XTQ-nin timsalında əyani təzahürü - TƏHLİL

SİYASƏT 01.05.2022 1919

44 günlük müharibədə qazanılmış qələbə Azərbaycan dövləti, onun lideri Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü uğurlu və uzaqgörən siyasətin əksi kimi tariximizə qızıl hərflərlə yazıldı.

Bu qələbənin əldə olunmasında dövlətin bütün struktur və resurslarının vahid məqsəd uğrunda səfərbər edilməsi mühüm rol oynadı.

Azərbaycan dövləti heç zaman müharibə tərəfdarı olmayıb. Ancaq dövlət başçısının rəhbərliyində siyasi proseslərin düzgün qiymətləndirilməsi və ən mühümü uzaqgörənlik nümayiş etdirilərək daim istənilən tapşırığın icrasını mümkün edən ordu quruculuğu prosesi də paralel olaraq davam etdirilib.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, hərbi potensialımızın artması, ordu quruculuğuna dövlətin xüsusi diqqət ayırması və bu istiqamətlər üzrə görülmüş digər tədbirlər sonda döyüş meydanında şanlı Zəfərlə nəticələndi.

Müharibəyə qədər dövrdə Azərbaycanın yürütdüyü uğurlu siyasət postkonflikt dövrü üçün də parlaq və dəyərli təcrübəyə çevrilib.

Belə ki, Azərbaycan artıq tarixi ədaləti bərpa etsə də, dövlətimizin qarşısında dayanan tapşırıqlar eyni ciddiyyət və qətiyyətli kursun davam etdirilməsini zəruri edir. Azərbaycan dövləti də müharibədən sonrakı dövrdə məhz bu zərurətləri nəzərə alaraq müvafiq addımlar seçir.

Ötən gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edən dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər də bunu təsdiq edir:

“Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.

Düzdür, dövlət başçısının müvafiq fikirlərində regionun gələcəyinə dair bəslənən ümidlər ayrıca xətt təşkil edir, ancaq bununla belə yaxın 10 ildə Azərbaycanın daha güclü olacağına vurğu edilməsini də diqqətdən yayındırmaq olmaz.

Prezident İlham Əliyevin bu fikrinin arxasında Azərbaycanın uzun illərdir tətbiq etdiyi uğurlu inkişaf modelinin özünü bütün sahələrdə mükəmməl şəkildə doğrultması dayanır. Təbii ki, Azərbaycan ordusunun işğala son qoyması ilə birlikdə bu modelin işləkliyi və inkişafın templərinin daha da artacağını proqnozlaşdırmaq üçün kifayət qədər əsaslarımız yaranır.

Prezident İlham Əliyevin “daha güclü Azərbaycan” anonsundan bir gün sonra aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə baş çəkməsi də xüsusi əhəmiyyətə malik hadisələrdən biri kimi tarixdə öz yerini alır.

Çünki Azərbaycan ictimaiyyəti üçün ölkəmizin Xüsusi Təyinatlı Qüvvələri ilk növbədə iftixar, qürur mənbəyidir. Bu hərbi birləşmənin şanlı döyüş yolu, keçdiyi sınaqlar və nailiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün olduqca dəyərli, qiymətli bir məqamdır. Azərbaycan ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan xüsusi təyinatlılarımız işğala son qoymaq vəzifəsinin icrası prosesində mühüm tapşırıqları yerinə yetirib. Bu gün isə artıq onlar qarşısında qoyulan tapşırıqların xarakterində də müəyyən dəyişikliklər olması olduqca təbiidir.

Elə Azərbaycan Prezidenti İlham Əliyevin daim bu ordu birləşməsinə xüsusi diqqət göstərməsi də məhz yuxarıda göstərilən peşəkarlıq və uğurlarla əlaqədardır. Üstəlik Azərbaycan dövlətinin bundan sonrakı strateji təhlükəsizlik prioritetləri sırasında da XTQ özünəməxsus bir yerə sahibdir.

“Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur”, - deyə Azərbaycan Prezidenti xüsusi təyinatlılar qarşısında çıxışı zamanı bildirib.

Bəli, dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğuna böyük diqqət ayrıldı və bu gün Azərbaycan ordusu haqlı olaraq dünyanın ən güclü və müasir ordularından biri sayılır. Üstəlik, Azərbaycan ordusu dünyada real döyüş təcrübəsinə sahib azsaylı hərbi kontingentlərdən biri olmaq xüsusiyyətinə sahibdir.

Bu gün isə Azərbaycan ordusu yenə də dövlət başçısının yüksək diqqəti və nəzarəti altında gələcək perspektivdə qarşısında dayanan tapşırıqların icrasına fokuslanır. Ali Baş Komandanın xüsusi təyinatlılar qarşısındakı çıxışı həm də dövlətin təhlükəsizlik məsələlərini hər zaman ön planda saxlamasının əyani sübutudur.

Azərbaycan 44 günlük müharibə ilə işğala son qoyub, erməni faşizminin belini qırsa da, Ermənistandakı revanşist qüvvələrin fəaliyyəti Bakı tərəfindən diqqətlə izlənilir. Azərbaycan öz xalqının və dövlətçilik ənənələrinin tarixinə uyğun olaraq sülhdə israr etməyə davam edir, ancaq istənilən halda təhlükəsizliyimizlə bağlı ən xırda detal belə diqqətdən kənar saxlanılmır.

“Biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir”, - deyə Azərbaycan lideri bildirib.

Azərbaycan Prezidentinin xüsusi təyinatlılar qarşısında çıxışı zamanı qeyd olunan fikirləri onun bir gün öncə ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı anonsunun məntiqi davamı kimi qəbul edilməlidir. Yaxın 10 ildə daha güclü Azərbaycan üçün artıq Prezidentin qeyd etdiyi kimi özünü bütün aspektlər üzrə doğrultmuş xüsusi təyinatlı qüvvələrimizin sayı iki dəfə artırılıb.

Üstəlik, bu sadəcə müvafiq istiqamət üzrə ortaya qoyulan planların ilkin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyində dövlətin bütün sahələr üzrə inkişafı xüsusi diqqət mərkəzindədir.

Yuxarıda göstərilən məqamlar bir daha onu göstərir ki, Azərbaycan dövləti mövcud reallıqlar kontekstində özünün təhlükəsizlik maraqlarını qorumaq və yeni reallıqlardan istifadə edərək daha sürətli inkişaf yoluna qədəm qoymaq üçün bütün zəruri addımları atır və bundan sonra da atmağa davam edəcək. Atılan və atılacaq bütün addımlar isə şübhəsiz ki, dövlət başçısının da dediyi kimi Azərbaycanın daha qüdrətli olmasını təmin edəcək.

Orxan Tağıyev

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top