Paşinyan Putinin qəbuluna gedir: Rusiyanın istədikləri, Azərbaycanın maraqları - TƏHLİL

SİYASƏT 19.04.2022 533

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya yollanır, onun çantasından Rusiya Prezidenti Vladimir Putinin qarşısına hansı sənədlər çıxaracağı diqqət mərkəzindədir.

Bir çoxlarının düşündüyü kimi, Paşinyanın Moskvadakı qrafiki heç də Azərbaycanın əleyhinə yönəlməyəcək, hərçənd ki, Moskva da təsir dairəsini saxlamaq üçün yeni ideyalar üzərində düşünür.

Paşinyanın Putinlə görüşü gərgin atmosferdə olacaq, çünki istər Qərb, istərsə də Kreml öz maraqlarını Azərbaycanın strateji həmlələri ilə uzlaşdırır. Bu nəticənin doğulmasını stimullaşdıran amillər sırasında, Rusiyanın da, Qərbin də Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirməsi dayanır, eyni zamanda Türkiyə amili qlobal güc mərkəzlərinə də çox şeyi deyir.

Rusiya özünün proseslərə müdaxiləsi üçün barmaq yeri saxlamağa çalışsa da, ümumilikdə üçtərəfli bəyanatların icrasında maraqlıdır, çünki bu, yeni reallığın diktə etdiyi tələblərdir.

Rusiya həmin tələbləri Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlıq platformasında qarşılamaq niyyətindədir, amma qlobal çəkidə tarazlığın pozulması meyilləri və Moskvanın tarixdən gələn irsi onu ara-sıra qeyri-konstruktiv mövqeyə doğru itələyir.

Putin-Paşinyan görüşü Brüssel danışıqlarının məntiqi davamıdır, Rusiya lideri Brüsseldən sonra Moskvada qurulacaq danışıq masasında Paşinyanı ikibaşlı oyunlara son qoymağa çağıracaq. Qərblə Moskva arasında balanslı siyasət tərzinə yaraşmayan var-gəl etmələr Paşinyana xasdır, bu isə Kremli qəzəbləndirir və Moskva Ermənistan üzərində yeni təsir rıçaqlarının yaradılması üçün resurslar xərcləyir.

Növbəti müzakirə olunacaq məsələ Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətidir. Azərbaycan və Ermənistan sülhməramlı missiya barədə fərqli təsəvvürlərə malikdir.

İrəvan sülhməramlıların qalma müddətinin uzadılmasına çalışsa da, Azərbaycan 10 noyabr bəyanatının 4-cü bəndinin sürətli icrasında israrlıdır və manipulyativ fikirlərə yol açmamaq üçün lazım olan yerdə sülhməramlıların bəzi fəaliyyətindən etirazqarışıq məyusluğunu dilə gətirir.

Rusiya sülhməramlı kontingentlə hər iki tərəfi asılı halda saxlamaq istəsə də, Azərbaycan dövlətinin prinsipial siyasəti və hərbi güc potensialının Türkiyə ilə strateji müttəfiqlik çərçivəsinə uyğunlaşdırması Moskvanı öz saat əqrəblərini Bakı vaxtı ilə uyğunlaşdırmağa təhrik edir.

Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaları diqqətlə izləyir və ona özünün siyasətinə uyğun yön verməyə çalışır.

Bu, ümumilikdə yaxşı haldır, çünki Rusiya ilə Qərb arasındakı rəqabətin diplomatik tərzdə getməsi sülh müqaviləsinin imzalanması prosesini tezləşdirə bilər.

İlham Əliyevlə Vladimir Putinin bu ilin fevralın 22-də Moskvada müttəfiqlik haqqında Bəyannamə imzalaması isə Bakı-Moskva münasibətlərinin ruhunu təzələyir, Rusiyanın Ermənistanla yaxınlığı isə İrəvanı tamamilə asılı hala salmaq məqsədləri güdür.

10 noyabr bəyanatının 4-ü bəndinin təmini Ermənistanın boynundan asılan öhdəlikdir, bundan qaçış Moskva Bəyannaməsinə istinad hallarını aktuallaşdırır (11 və 18-ci maddələr).

Bu mənada əgər Rusiya ilə Ermənistan arasında yeni saziş imzalansa belə, bunun Moskva Bəyannaməsinin ruhu ilə ziddiyyət təşkil etməyəcəyini söyləyə bilərik.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top