Azad edilmiş torpaqların inkişafı dünya üçün bir nümunə olacaq – Cavid Osmanov

SİYASƏT 16.04.2022 2431

12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev ötən ili çox yüksək qiymətləndirərək görülmüş işlərin geniş təhlilini apardı. Keçən il azad edilmiş torpaqlarda bərpa işlərinə başlanıldığına, eyni zamanda beynəlxalq müstəvidə yeni reallıqların qəbul etdirilməsi istiqamətində böyük işlərin görüldüyünə diqqət çəkən ölkə başçısı beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın davam etdirildiyini qeyd etdi.

Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir ki, bu da bir daha onu göstərir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Baxmayaraq ki, BMT-nin qərarları 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdı. Azərbaycan Qarabağ münaqişəsini həll etməklə eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
Müşavirədə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə olan yüksək səviyyəli münasibətlərdən bəhs edərkən cənab Prezident bildirdi ki, bu hər iki beynəlxalq təsisat davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirirlər. ATƏT-in Minsk qrupunun isə fəaliyyətsizliyini diqqətə çatdıran ölkə başçısı Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandatın de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız olduğunu bəyan etdi. Münaqişə həll olunub və yaranmış yeni reallıqları ATƏT də qəbul edib. Müharibədən sonra Avropa İttifaqı ilə təmaslar daha intensiv xarakter almış, postmünaqişə dövrünün reallıqları qəbul edilmişdir. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və 6 aprel tarixində keçirilmiş görüşdə də bu məsələlər müzakirə edilmişdir. Ermənistan tərəfi Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifi qəbul etməklə ölkəmizə qarşı ərazi iddiasından əl çəkdiyini və Azərbaycanın ərazi bütövlüyünü qəbul etdyini təsdiqləyir. 30 il ərzində birinci dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan telefon söhbətini müsbət təcrübə kimi qiymətləndirən Prezident cənab İlham Əliyev iki ölkə arasındakı münasibətlərin elə iki ölkə tərəfindən həll etməli olduğunu qeyd etdi. Ermənistanın inkişafı da məhz onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və bu ölkənin 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi.
Ölkə başçısı müşavirədə onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin hər bir günü dərin təhlil edilmiş və bu əsasda orduquruculuğu davam etdirilməkdədir. Yeni hərbi birləşmələrin yaradılır, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır, bir sözlə, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılır. Bütün bunlar isə təbii ki Azərbaycanın iqtisadi gücündən irəli gəlir. Birinci rübün yekunları və mövcud rəqəmlər ölkəmizin iqtisadi göstəricilərinin çox müsbət olduğunu göstərir. Belə ki, ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 18 faizdən çox artmışdır. Ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox, ixrac isə təxminən iki dəfə artmışdır. Qeyri-neft ixracı da 45 faizə qədər artmışdır ki, bu da məhz aparılan islahatlar nəticəsidir. Xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində isə bir il ərzində xarici borc təqribən 600 milyon dollardan çox səviyyədə aşağı salınmışdır.
Bütün nailiyyətlərin Azərbaycanın daxili gücü hesabına əldə olunduğunu bildirən Prezident cənab İlham Əliyev azad edilmiş torpaqların da yüz faiz daxili imkanlar hesabına bərpa olunacağını bir daha qeyd etdi. Qarabağ və Şərqi Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcək, Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Bu inkişaf dünya üçün də bir nümunə olacaq.
Müşavirədə ölkə başçısı hazırda görülən və gələcəkdə görülməli olan işlərdən də bəhs edərək adiyyatı qrumlar qarşısında təxirəsalınmaz vəzifələr müəyyənləşdirdi. Dünyada baş verən müharibə və toqquşmalar fonunda ərzaq məhsullarının qiymətləri kəskin artır, ola bilər ərzaq qıtlığı yaransın. Məhz bu səbəbdən cənab Prezident ərzaqlıq buğda ilə təminatı diqqət mərkəzində saxlamağı bildirərək azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildiyini qeyd etdi. Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə təminat isə cəmi 25 faizdir. Buğdanın əsas ərzaq məhsulu olması nəzərə alınaraq bu sahənin inkişaf etdirilməsi üçün sahibkarlara məqsədyönlü və güzəştli kreditlərin verilməli olduğu ölkə başçısı tərəfindən qeyd edildi.
Müşavirədə şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayının artdığını vurğulayan Prezident cənab İlham Əliyev həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələlərinin tezliklə öz həllini tapması üçün önəmli addımların atıldığına diqqət çəkdi. Bundan əlavə, Ağdam və Füzuli şəhərlərinin Baş planlarının təsdiqləndiyi və Baş planlar əsasında işlərə start verildiyi qeyd edildi. Həmçinin digər şəhərlərin Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanması və bu il təsdiq edilməsi tapşırırğı verildi. Məhz ondan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələrin ediləcəyi cənab Prezident tərəfindən açıqlandı.
Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il bu ərazilərdə 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir ki, onlardan ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərindədir. Cari ildə “Azərenerji” tərəfindən beş stansiya bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyük olduğunu “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqların getdiyini qeyd edən ölkə başçısı hazırda Kəlbəcər, Laçın rayonlarında isə külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlərin müraciətlərinin olduğunu bildirdi. Həmçinin bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər də sürətləndirilməlidir. Bunun üçün isə İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaqdır. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı olduğunu vurğulayan ölkə başçısı Azərbaycanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər aldığnı da açıqladı. Bütün bunlar isə Azərbaycanın ixrac imkanlarını genişləndirir.
Müşavirə zamanı Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmalı olduğunu və bununla bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparıldığını bildirdi. 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Cənab Prezident bir daha bəyan etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Ermənistan Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Bu ölkə öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq.
Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev bütün digər azad edilmiş torpaqlarla yanaşı Şuşanın da bərpasının çox önəmli olduğuna diqqət çəkdi. Artıq Şuşada bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib, bəziləri də bərpa edilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi, deyə ölkə başçısı müşavirədə qeyd etdi. Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Növbəti festivala isə eyni zamanda, dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilib. Cənab Prezident İlham Əliyev artıq bu ənənənin də bərpa olunduğunu bildirdi. ŞuşaTÜRKSOY tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
Həmçinin ölkə başçısı onu da bildirdi ki, bu il birinci pilot layihə olan Ağalı kəndinin açılışı olacaq. Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcək və orada yaşayacaqlar. Bundan əlavə, bu il bir neçə kəndi birləşdirən layihə olan Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanılacaq. Bura Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Eyni zamanda azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq.

Cavid Osmanov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top