ABŞ Dövlət Departamentindən Qarabağ müharibəsilə bağlı HESABAT - VİDEO

DÜNYA 15.04.2022 546

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb.

Bu barədə “Report” dərc olunmuş hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması ilə bağlı “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) və “Truth Hounds” qeyri-hökumət təşkilatları tərəfindən may ayında dərc olunmuş birgə hesabata əsasən, Ermənistan silahlı qüvvələri üzvlərinin yaralı halda əsir götürdükləri iki Azərbaycan əsgərini edam etməsinə dair təkzibedilməz dəlillər mövcuddur. Sübut iki videodan ibarət olub.

“Əgər bu qətllər sonrakı araşdırmalar zamanı təsdiqlənərsə, bu, beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi həm də Ermənistanın Cinayət Məcəlləsini pozur və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pozulmasını özündə əks etdirir”, - hesabatda deyilir.

QHT hesabatında bildirilir ki, keçmiş azərbaycanlı məhbuslarla müsahibələrə və əsirlərdən biri ilə qəddar rəftarın əks olunduğu videoya əsasən, ən azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb.

Bundan əlavə, IPHR və “Truth Hounds” videoya çəkilmiş daha üç qəddar rəftar halı ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.

“Şahidlər tərəfindən təsvir edilən və ya videoya çəkilmiş sistematik döyülmələr, qeyri-insani saxlama şəraiti, tibbi yardımdan və digər əsas ehtiyaclardan imtina, qəddarlıq və ləyaqəti alçaldan rəftar Ermənistan silahlı qruplaşmaları tərəfindən Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsinin pozulması anlamına gəlir”, - hesabatda deyilir.

Sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən ölənlərin cəsədləri üzərində insanlığa yaraşmayan çoxsaylı addımlar atmasının təkzibedilməz sübutu olan videogörüntülər təsvir edilir. “Cəsədlər üzərində qeyri-insani hərəkətlərə dair əsaslı iddiaların hamısı əlavə araşdırma tələb edir”, - sənəddə qeyd olunub.

Hesabata əsasən, beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının dağıdılmasını “sənədləşdirib”. Qəbirlər dağıdılmış halda aşkar edilib, hətta bəzi hallarda qəbirlərdən qarət olmasına dair sübutlar var. Digər yerlərdə isə ağır tikinti texnikası ilə dağıntı və meyit qalıqlarının eksqumasiyası izləri aşkar edilib.

“Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda yalnız bir dağılmış qəbir daşı qalır. Qəbiristanlıqlardakı vandalizm həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılmasında da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Fotojurnalistin sözlərinə görə, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb”, - hesabatda vurğulanır.

Qeyd olunur ki, 2021-ci il aprelin 24-də Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun əvvəllər işğal altında olan Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilən azərbaycanlıların məzarlarının axtarışı ilə bağlı araşdırmalara başlayıb: “Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 dinc sakinin meyiti tapılıb. İyun ayında daha üç cəsəd, avqustun 30-da isə çoxlu insan qalıqların olduğu başqa bir dəfn yeri tapılıb”.

Hesabatda göstərilir ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin noyabrında atəşkəs əldə olunduğu andan ilin sonunadək əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mina partlayışları nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu və 29 mülki şəxs həlak olub; daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb.

“Ermənistan hökumətinin məlumatına görə, 2020-ci ilin dekabrında hökumət həmin ilin payızında baş vermiş münaqişə zamanı Ermənistan hərbi qulluqçuları tərəfindən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ittihamı ilə altı cinayət işi başladıb. Altı işdən dördü güman edilən qətllər, işgəncə və qeyri-insani rəftarla, biri güman edilən qətllər və işgəncələrlə, biri isə güman edilən qətllə bağlı olub. 2021-ci il iyunun 22-də hökumət altı işin hamısını bir cinayət prosesində birləşdirib. 2021-ci ilin sonunda istintaq davam edirdi”, - ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun hesabatında bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top