
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar iyulun 18-19-da Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.
Saat24.Az xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən "Lokomotiv" istirahət mərkəzində olublar.
Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var.
Sonra media nümayəndələri AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Ülfət" istirahət mərkəzinə gəliblər. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası mövcuddur.
Mediatur iştirakçıları AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Təhsil" istirahət mərkəzində də olublar. Bildirilib ki, 10 hektardan çox ərazini əhatə edən mərkəzdə 3 üçmərtəbəli yataq korpusu, kotteclər, idman meydançaları, konfrans zalı, hovuzlar və yeməkxana fəaliyyət göstərir.
Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Şəfa" istirahət mərkəzi olub. Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur.
Həmçinin tur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən "Nazlı Bulaq" istirahət mərkəzində də olublar. Mərkəzdə kotteclər və otel nömrələri, açıq-qapalı restoranlar, uşaq əyləncə zonaları var.



















