“Ermənistan 300 mindən çox insanı niyə hələ də yurduna buraxmır?” - Deputatdan ETİRAZ

CƏMİYYƏT 26.12.2022 1317

“Prezident İlham Əliyevin bu il doğum gününü Qərbi Azərbaycan İcması üzvləri ilə qeyd etməsi ciddi məna yükünə malikdir”. 

Bunu Saat24.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. Millət vəkili dövlət başçısının, adətən, 24 dekabrda məcburi köçkünləri ziyarət etməsinə diqqət çəkib:

“İlham Əliyevin özünün də dediyi kimi, o, əvvəlki dövrlərdə, adətən, 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olur və vəd verirdi ki, “Siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm”. Həqiqətən də, Prezidentin dediyi kimi oldu və artıq ərazilərimiz azaddır, sərhəd bütövlüyümüz təmin olunub. İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq-bərpa prosesinə start verilib. İndi qarşıda başqa böyük hədəflər, tarixi ədalətin bərpası, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına dönüşü dayanır. Azərbaycan Prezidenti bu qayıdışın sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun həyata keçiriləcəyini bəyan edir.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin bu gedişi və ifadə etdiyi mövqe Azərbaycanın hücum siyasəti doktrinasının qızıl səhifələrindən biri kimi yadda qalacaq, habelə əhəmiyyətcə Vətən müharibəsindəki zəfərimiz qədər önəmli hadisə kimi tarixə düşəcək”.

Deputat onu da əlavə edib ki, Prezident İlham Əliyevin bu mövqeyi Ermənistan və havadarları üçün pat vəziyyəti yaradır:

“Belə ki, Qərbi Azərbaycandan didərgin salınanların hamısı Ermənistan Sovet Sosialist Respublikasının vətəndaşları olub, onların mütləq əksəriyyətinin bununla bağlı bütün müvafiq sənədləri və digər sübutları var. Eyni zamanda ermənilər nə qədər izləri itirməyə çalışsalar da, Qərbi Azərbaycanda - İrəvanda, Göyçədə, Qərbi Zəngəzurda azərbaycanlılara məxsus qəbiristanlıqlar, abidələr qalmaqdadır. Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya arxivlərində, rəsmi sənədlərdə, xəritələrdə təkzibolunmaz informasiyalar Prezident İlham Əliyevin mövqeyinin kifayət qədər hüquqi və ədalətli olduğunu göstərir.

Yəni dövlət başçımız faktiki olaraq Ermənistanı Qərbi Azərbaycan məsələsi ilə dalana dirəyib. Ortada çox sadə bir sual var: vətəndaş öz Vətəninə niyə qayıda bilmir, yaxud Ermənistan məhz azərbaycanlı olduğuna görə 300 mindən çox insanı niyə hələ də yurduna buraxmır?”

Müsahibimizin sözlərinə görə, bu fakt, əslində, bu gün Xankəndi və ətraf ərazilərdə 25 minlik erməni azlığının hüquqları ətrafında şou quran Ermənistanın havadarlarını da çıxılmaz vəziyyətə salmaqdadır:

“İlham Əliyev Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımıza hüquq və azadlıqlarla bağlı digər vətəndaşlar kimi ayrı-seçkiliksiz yaşayış təminatı verir. Bakıda yaşayan 30 min erməniyə tolerant münasibətimiz də göstərir ki, bizim sözlərimiz yalnız vəd deyil.
İndi növbə Ermənistanındır. İrəvan Qərbi Azərbaycan icmasının həm ata-baba yurdlarına qayıtmasını, həm də təməl hüquqlarını və ləyaqətli həyat şəraitini təmin etməlidir. Bu, Ermənistanın yalnız ermənilər üçün olduğunu təbliğ edən monoetnik və təcavüzkar millətçi ideologiyası üçün ciddi zərbədir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev vəziyyəti Ermənistanın iradəsinə, yaxud heç bir fayda görmədiyimiz beynəlxalq ictimaiyyətin ədalətinə buraxmayacaq. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə dövlət başçısı kifayət qədər ciddi yol xəritəsi ortaya qoydu. Bu öz növbəsində Qərbi Azərbaycan məsələsində tarixi dönüş, beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinə əməl etməklə sülh şəraitində Qərbi Azərbaycanın fəthi deməkdir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top