Fransanın “Qarabağ sancısı”nı azaltmaq üçün reseptlər - ŞƏRH

SİYASƏT 28.11.2022 1644

ATƏT-in Minsk qrupunun həmsədrlik institutu faktiki iflic vəziyyətdədir və bu, onun statusunun qarşısına “keçmiş” sözünü əlavə etmək üçün bir əsasdır. Ancaq Minsk qrupu faktiki dəfn və disfunksional bir təsisata çevrilsə də, onun legitimliyi hələ aradan qalxmayıb.

Ona görə də Azərbaycan diplomatiyası ATƏT-in konfransının çağırılmasına nail olub, konsensusla həmsədrliyə son qoyulmasına nail olmaq təlimatı ilə üz-üzədir.

Məsələ isə o qədər sadə deyil, ATƏT daxilində yekdil qərarı hasil etmək çətin məsələdir, buna görə də həmsədrlər olan ABŞ, Rusiya və Fransa bu boşluqdan istifadə edib həmin xətti diriltməyə çalışırlar.

Üç ölkə hər nə qədər qurumuş ağacın dibinə su tökməyə cəhd etsə də, onların hərəsinin öz strateji məntiqi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mütləq vahid yanaşmanın sərgilənməsinə imkan vermir.

Buna görə də tərəflər reallığı nəzərə alıb həmsədrlik məntiqi ilə deyil, özlərinin təkbaşına maraqları kontekstində Bakı-İrəvan arasında danışıqlarda etibarlı moderator roluna sahiblənmək istəyirlər.

Gah ABŞ, gah da Rusiya müəyyən mərhələlərdə Azərbaycanla gərgin xəttə getsələr də, Bakı bu iki güc arasında balans öhdəliyindən ayrılmayıb və onları öz prinsipiallığına inandırmaq üçün bir sıra hərbi-siyasi tədbirlər görür.

Azərbaycan Ukraynadakı müharibəyə görə bir-birilə kəskin ziddiyyətli mərhələyə qədəm qoyan ABŞ və Rusiyanın tənzimləyici funksiyasına hələ də etibar edir və bunu Prezident İlham Əliyev də ifadə edib.

İlham Əliyevin noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda “Nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub” deməsi də bunun sübutudur.

Fransanın Cənubi Qafqazda özünə yer etmək cəhdləri fiasko ilə nəticələnməkdə davam edəcək.

Birincisi, Fransanın genişlənən ambisiyalarına Türkiyə imkan verməz, çünki Ankara Parisin hegemonluq iddiasının əsas oxunu Ankaraya qarşı tuşlamaq niyyətində olduğunu bilir.

İkincisi, Fransa Rusiya ilə birgə maraqlarla yola çıxmaq istədi, lakin hesablamadı ki, Qərbdəki açıq-gizli rəqibləri olan Böyük Britaniya və ABŞ onun qarşısına keçərək sədd çəkəcəklər.

Bununla da Fransanın etibarlı vasitəçilik missiyasına dair olan-qalan təsəvvürlər də alt-üst olur və Bakı Parisdən belə bir gözləntisini də dilə gətirmir.

Azərbaycan üçün Avropa İttifaqı formatı da məqbuldur, amma Paris bundan sonra Bakı-İrəvan danışıqlarının Brüssel platformasını korlamaq üçün hikkəsindən əl çəkməyəcək.

Fransa danışıqlarda praqmatik məsləhətçi olmaq istəyirsə, onda Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları, Bakının İrəvan qarşısında sərhəd delimitasiyasına dair qoyduğu tələbləri, Türkiyənin regiondakı artan hərbi-siyasi mövcudiyyətini qəbul etməli və danışıqlarda nəticələri buna uyğun qurmaq üçün Ermənistana təzyiqlər göstərməlidir.

Azərbaycan öz tərəfdaşları ABŞ və Böyük Britaniya ilə Fransanın aqressivliyinə son qoyulması üçün çalışmalıdır və bundan sonra Vaşinqton-London ikilisi Parisin Avropa İttifaqının vasitəçilik missiyasını zədələyən Parisə layiqli yerini göstərə bilər. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top