“Çin sərvəti” cilalanır, Əliyev təhdidləri göstərir, ABŞ-yə vasitəçilik üçün mesaj verir - TƏHLİL

GÜNDƏM 25.11.2022 2099

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış etdi.

Konfransın məqsədlərinin alt qatını Çin mərkəzli iqtisadi nizamın və bu konfiqurasiyanın marşrutunun izi ilə meydana çıxan təhlükəsizlik çağırışları təşkil edir.

Beynəlxalq Transxəzər nəqliyyat marşrutu Orta Dəhlizin nüvəsidir. Bu marşrut Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstandan keçir, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Avropa ölkələrinə çıxır.

Çin bu dəhlizi, üstəgəl açılması gözlənilən Zəngəzur koridoru layihəsini “Bir kəmər, bir yol” təşəbbüsünün içərisində diversifikasiya etmək üçün nəhəng iqtisadi planlara sahibdir.

Bu isə tərəfdaşları, dənizə çıxışı olmayan ölkələri cəlb edir və Avropanın özü üçün də xeyirli perspektiv vəd edir.

Cənubi Qafqazda yaranmış gerçəkliklər, Zəngəzur dəhlizinin beynəlxalq və regional gündəlikdə ən aktual mövzular axarına girməsi Azərbaycanın qədim İpək Yolunu canlandırmaq səylərindəki rolunu artırır.

Azərbaycan və Türkiyə nəqliyyat marşrutu üzrə alternativlərini gücləndirmək üçün səylərini Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya edərək bunu Çinə doğru yön alan yeni əməkdaşlıq formatına çevirirlər.

Konfransın adının altında gizlənən sərvətin cilalanması üçün Azərbaycan çağırışların öhdəsindən gələ bilmək qabiliyyətini göstərməli idi və İlham Əliyev bu işi öz üzərinə götürərək tədbir iştirakçılarının suallarını cavablandırdı.

Çünki qeyd edilən beynəlxalq cığır üzrə təhlükəsizlik relyefi heç də hamar meyillər üzərində deyil və mütləq şəkildə risk faktoru qiymətləndirilməlidir.

Cənubi Qafqazda Ermənistanın tutduğu mövqe və ona havadar çıxmaq üçün dəridən-qabıqdan çıxan oyunçular beynəlxalq nəqliyyat dəhlizinin bütün parametrlər üzrə tətbiqinə əngəllər törədir - bilərəkdən və ya bilməyərəkdən.

İlham Əliyev, əsasən, iki oyunçunun adını çəkdi, bununla sətiraltı mesaj verdi ki, Fransanın başqa, İranın isə fərqli məntiqlə Ermənistana mənəvi-siyasi dəstək nümayiş etdirməsi adıçəkilən beynəlxalq ticarət marşrutunun fəaliyyəti üçün də risklər doğurur.

Regionu özünün ideoloji çətiri altında saxlamaq istəyən İranın hərbi təlimlərinin Azərbaycana güc nümayişi məqsədilə proqramlaşdırılması təhlükəsizlik çağırışlarında mənfi çalarlar formalaşdırır.

İran Cənubi Qafqazda siyasi şiəlik buxovu yaratmaq potensialından məhrum olduqca itkiləri kompensasiya etmək üçün onun Zəngəzur dəhlizinə inteqrasiyası qaçılmaz hal alır.

İran Zəngəzur dəhlizinin iqtisadi əsaslarına qarşı deyil, amma onun Azərbaycanın Ermənistan üzərində həlledici sərhəd nəzarəti həyata keçirməsi fonunda reallaşmasını həzm edə bilmir.

Digər tərəfdən, Zəngəzur dəhlizi istər-istəməz dünyəvi dövlət olsa da, Türkiyənin xarici siyasətindəki din amilinin regionda güclənməsinə gətirib çıxaracaq və bu, islam ideoloji xəttini bünövrəsində tutan Tehranın strateji planlarına zərbə vuracaq.

Lakin İranın başqa yolu da qalmır və gələcək üçün maksimal faydaları düşünməlidir. Çin də İranın Orta Dəhlizin bir qanadı olan biləcək Zəngəzur koridorunun strateji və siyasi əsaslarına qarşı kükrəyərək ofsaydda qalmasını istəməyəcək.

Konfrans qüdrətli iqtisadi layihələrin təşviqi və mövqelərin bir daha dəqiqləşdirilməsi üçün meyardır, bu baxımdan İlham Əliyev Azərbaycan-Ermənistan danışıqları ilə bağlı məsələni gündəmə gətirdi.

Məlum oldu ki, İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşü baş tutmayacaq.

Səbəb - Paşinyanın Fransa Prezidenti Emmanuel Makronun da danışıqlarda iştirakı istəkləridir, lakin Bakı hələ ki Makronu “blok”da saxlamaq niyyətindədir.

İlham Əliyevin bu sitatı isə Azərbaycanın görüş üçün vasitəçilik gözləntilərini ifadə edən mesajla zəngindir:

“Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”

Böyük ehtimalla İlham Əliyev topu ABŞ-nin ayağına atır və Vaşinqtonun Azərbaycan-Ermənistan liderləri səviyyəsində görüş təşkil etməsini nəzərdən keçirir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top