“Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın” - ŞOK AÇIQLAMALAR

CƏMİYYƏT 23.11.2022 1435

Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər milyarderlə bağlı baş verən qalmaqallar, ona qarşı irəli sürülən ittihamlar, yazılan yazılarla bağlı sualları cavablandırıb.

O, Manset.az xəbər portalına eksklüziv müsahibə verib.  

Həmin müsahibəni təqdim edirik:

- Fərhad müəllim hazırda evdədirmi? Səhhəti necədir?

- Bəli, evdədir. Səhhəti də çox gözəldir. 

- Bəs onun saxlanılması ilə bağlı xəbərlər yayılıb? 

- O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub. Ümumiyyətlə, ona qarşı hücumlar, təhdidlər var. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyyatdır. Biz oxuyuruq, gülürük.

- Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunmuşdu?

- Bəli. Təbii ki, onu tutub, əllərini qandallayıb aparmayıblar. Biri var, adi bir adamı aparırlar, indi bunu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır.

- Ev dustaqlığına buraxıldığı deyilir.

- Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər?

- Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq olduğu haqda məlumat var?

- Xeyr. Bu, cəfəngiyyatdır.

- Yəni bu deyilənlərin hamısı yalandır? 

- Deyirəm, yalandır və təsdiq edirəm, yalandır. Sualınız varsa, Dövlət Təhlükəsizliyi Xidmətindən şəxsən məlumat ala bilərsiniz. 

Orada heç kim təsdiqləməz ki, o, ev dustağıdır. “O imzalayıb ki, mən ölkədən kənara çıxmayacağam” - belə bir sənəd-filan imzalanmayıb. Yəni saxlanılması ilə bağlı məlumatlar da yalandır, sadəcə, şahid qismində söhbət edilib onunla. 

- Bilmək olarmı nə ilə bağlı dəvət edilib?

- Babək Səmidlinin məlum yayılmış səs yazısı ilə bağlı dəvət olunub.

- Doğrudanmı o səs yazısı Fərhad müəllimə məxsusdur? O açıqlamanı alan, yayan Fərhad müəllimdir?

- Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır. 

- Amma o səs yazısı Fərhad müəllimə məxsusdur, doğrudurmu?

- Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısındakı Fərhad Əhmədovdur. Yəni bu, internetdə artıq var. 

- Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb?

- Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, sonra Prezidentə çatdırılsın.

- Bəs necə oldu ki, bu yayıldı? 

- Həmin məsələni müvafiq qurumlar hazırda araşdırırlar. Şəxsən özümə də çox maraqlıdır.

- Bəlkə, ola bilər, Fərhad müəllim bu səs yazısını dost bilərək kiməsə göndərib, ya necə olub? Bəlkə, dost bildiyi insanlardan zərbə alıb?

- Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın. 

- Fərhad müəllim müxtəlif media orqanlarında Rusiyaya casusluqda günahlandırılır. Bu barədə nə deyə bilərsiniz?

- Fərhad müəllimi zatən Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım.

Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun, gəlin baxın, nələr baş verir, erməniləri necə əzirik.

- Onlar dost olublar?

- Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllimin orduya kömək göstərdiyi zaman Babək müəllim bilib ki, Fərhad müəllim nə cür insandır. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər? 

- Yəni münasibətlər belə başlayıb? 

- Bəli, 44 günlük müharibədən başlayıb. 

- Bəs özü bu yazılanlar barədə məlumatlıdırmı? Özü nə deyir? Səsini eşitmək olarmı? Danışmaq olarmı?

- Xeyr. Təbii ki, olmaz. Hər adam durub media ilə bağlı bu sualları versə, bu adam təsəvvür edin...

- Bəs özünün bu məsələyə reaksiyası necədir? Nədən bu gün bunlar baş verir?

- Özü məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.

- Nə qədər müddətdir Fərhad müəllim Azərbaycanda yaşayır? 

- Son bir ildir, buradadır. Bu adam istirahət etmir. Göyçayda “malikanə” adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, hotellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar. O da orada, təbii ki, onların başının üstündədir. İstirahət etmək üçün Bodruma, Amerikaya, İngiltərəyə, Fransaya getmək lazımdır. 

- Ramiz Mehdiyevlə sövdələşməyə getdiyi barədə nə deyə bilərsiniz?

- Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir, Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç indiyə kimi nəinki bağlılığı olub, onun adı onun yanında zatən heç hallanmayıb. 

- Bəs Nar Festivalı vaxtı bilavasitə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vasitəsilə Ramiz Mehdiyevlə Fərhad Əhmədovun görüşünün təşkil edildiyi bildirilir. Orada müxtəlif sövdələşmə getdiyi deyilir. Bu məlumatlar yalandır? 

- Hörmətli Əli bəy, dünən sizi şəxsən mən Cenifer Lopezlə bərabər Bakıda görmüşəm. İnanırsınız buna? Eyni şeydir. Başa düşdünüz, nə demək istəyirəm? Mən gülürəm bu söhbətlərə. 

- Ramiz Mehdiyev həmin dövrdə Prezident Administrasiyasının rəhbəri idi və yəqin ki, Fərhad Əhmədov onunla görüşmək üçün can ata bilərdi? 

- Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib. Zatən ona aid bir işi olmayıb. 

- Bir də Fərhad Əhmədovun Ramiz Mehdiyevin evini çox baha qiymətə alması ilə bağlı məlumatlar var. Bu məlumat doğrudurmu?

- Ramiz Mehdiyevin evini, bəlkə, başqa bir hansısa Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb. 

- Mediada belə bir məlumat var idi ki, Ramiz Mehdiyevin Göyçayda yerləşən evini həmin o görüş baş tutandan sonra Ramiz Mehdiyevin özü Fərhad Əhmədova çox baha qiymətə təklif edib və o da nüfuzdan istifadə edərək alıb onun evini. Ona görə bilmək istəyirdim. Bəlkə də, kiminsə vasitəsilə alıb? 

- Cəfəngiyyatdır, boş söhbətdir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top