Politoloq: “Azərbaycan işğaldan azad edilən bölgələrdə həyatı yenidən canlandırır”

CƏMİYYƏT 19.11.2022 1479

“İşğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyevin göstərişi ilə böyük yenidənqurma işləri həyata keçirilir. Məcburi köçkünlərimizin öz torpaqlarına qayıdışı, orada həyatın bütün elementlərinin formalaşdırılması və insanların rahatlığının təmin edilməsi dövlətin prioritet vəzifələrindən hesab edilir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Siyasi şərhçi bildirib ki, Azərbaycan dövləti yaxın gələcəkdə Qarabağda yaşayışın ən yüksək standartlarla bərpa edilməsini mühüm hədəf kimi müəyyənləşdirib:

“Hazırda Qarabağ təkcə Azərbaycan deyil, bütün Türk dünyası və region üçün mühüm strateji dəyərə malikdir. Qarabağa qayıdacaq insanlarımızın həyat standartlarının ən yüksək keyfiyyətdə təmin edilməsi dövlətimizin başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu üzdən də qəbul edilən qərarlar, həyata keçirilən işlər vətəndaşlarımızın rahatlığı üçün edilir. Vətəndaş məmnunluğu Prezident İlham Əliyevin siyasi kursunda əhəmiyyətli yerə malikdir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planı ümumilikdə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan işləri ehtiva etməklə çevik siyasi iradəni özündə əks etdirir. Dövlət Proqramının ilk olmağı həm də növbəti proqramların da qəbul ediləcəyini deməyə əsas verir. Həmçinin proqram həm Qarabağa dönəcək insanlarımızın bundan sonrakı fəaliyyətlərini, həm də bölgənin inkişafı üçün əzmlə çalışmağı tələb edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə əlaqəli iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır. Dövlətimizin başçısının göstərişinə əsasən vandallığa məruz qalaraq xarabalığa çevrilən yerlərdə möhtəşəm işlər həyata keçirir. Dövlət Proqramında bir çox sahələr əhatə olunub, yeniliklər göstərilib, Qarabağın regional dəyərini özündə göstərən vacib nüanslar əks etdirilib.

Prezident İlham Əliyevin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Bu istiqamətlər ümumi olaraq 1) təhlükəsizlik; 2) müasir yaşayış məntəqələrinin salınması; 3) əhalinin dayanıqlı məskunlaşması; 4) əhatəli və qabaqcıl standartlara verən infrastrukturun qurulması; 5) ərazilərin iqtisadi inkişafının dəstəklənməsi; 6) ekoloji təmiz mühitin təmin edilməsidir. Bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər davam etdiriləcək. Qarabağda Böyük Qayıdışın reallaşdıqdan sonra bu bölgələr beynəlxalq turizm potensialı baxımdan da illərdir ala bilmədiyi dəyəri yenidən qazanacaq.

Azərbaycanın yalnız bir bölgəsini əhatə edən bu Dövlət Proqramının miqyası bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat daha əhatəli, praqmatik və hədəfyönümlüdür. Bu miqyasda yenidənqurma və inkişaf proqramının ölkənin öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir. Dünya birliyinin ədalətsizliyi çağdaş dövrdə də davam edir. Azərbaycana heç kim maddi dəstək göstərmir. Prezident İlham Əliyev elə bir dövlət formalaşdırıb ki, bu gün bizim heç kimə ehtiyacımız yoxdur”, - deyə politoloq vurğulayıb.

Ekspertin fikirlərinə görə, Dövlət Proqramı göstərir ki, yaxın gələcək – növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, gələcəkdə məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlərə söykənir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Park yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Park yaradılandan orada işlərin görülməsi mərhələli şəkildə, plana uyğun olaraq həyata keçirilir. Eyni zamanda, Qarabağda yeni iş yerləri formalaşacaq ki, bundan da nəinki geri dönən vətəndaşlarımız, bütün ölkə vətəndaşları yararlana biləcəklər.

Tural İsmayılov deyib: “Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamındakı ayrı-ayrı bəndlər Proqramın yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizminə nə qədər önəm verildiyini göstərir. Tədbirlərin icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsinin Nazirlər Kabinetinə tapşırılması ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bütün tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəkdir. Zəruri əlaqələndirmə tədbirləri Əlaqələndirmə Qərargahı tərəfindən təmin ediləcək. Dördillik müddətdə icraçı qurumların hesabatlılığı isə 3 mərhələ üzrə - ilkin, aralıq və yekun nəticələr üzrə qiymətləndiriləcək. Dövlətimizin başçısının işğaldan azad edilən bölgələrə mütəmadi səfərləri onu deməyə əsas verir ki, o, Qarabağda bütün işlərə şəxsən nəzarət edir”.

Politoloq əlavə edib ki, Dövlət Proqramı üzrə müxtəlif tədbirlərin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların, donorların və fondların təkliflərinə açıqdır. Belə ki, Dövlət Proqramının potensial maliyyələşmə mənbələri sırasında beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti də göstərilir. Uzun illər işğala və qəsbə qarşı real səs çıxarmayanlardan bu dəfə daha əməli addımlar gözləmək haqqımız var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top