Xırdalanda yaşayış binasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO

HADİSƏ 17.11.2022 1348

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında xəsarət alanların durumu açıqlanıb. 

Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir"- TƏBİB-dən bildirilib.

22:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 






21:57

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

21:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

21:35

Xırdalanda yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top