Doğum günündə şəhid olan baş leytenant Ağaqardaş Abbasovun xatirəsi yad edildi – FOTO

GÜNDƏM 28.09.2022 1942

44 günlük Vətən müharibəsində şəhid olmuş Zərdab rayonunun Hüseynxanlı kənd sakini baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun şəhadətinin ildönümü qeyd olunub.

Avropa.info xəbər verir ki, şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Hüseynxanlı kəndində anım mərasimi keçirilib.

Mərasimdə Zərdab icra hakimiyyətinin nümayəndələri, YAP Zərdab təşkilatının sədri İlkin Əliyev, Gənclər-idman idarəsinin müdiri Ələkbər Kərimov və rayon ictimaiyyəti iştirak edib.

Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaqardaş Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Ağaqardaş Abbasov şəhidlik zirvəsinə yüksəldikdən 6 ay sonra qız övladı dünyaya gəlib. 

Allah rəhmət eləsin! 

Şirvani Hümmətoğlu

 

 

 

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top