Millət Vəkili Elnur Allahverdiyevdən İrana sərt cavab-FOTO

SİYASƏT 24.09.2022 2219

Bizdə belə xəritələr çoxdur və hansı sərhədin haradan keçdiyini bilirik!


Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Son günlər İranın müxtəlif rütbəli məmurlarından (hərbçilər, diplomatlar, parlamentarilər) “Sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” məzmunlu bəyanatlar eşitməyin adətkarı olmuşuq. Bu bəyanatlar sanki virtual aləmə ünvanlanır: hansı sərhədlərdən söhbətin getdiyi bəlli deyil, kimə münasibətdə nəzərdə tutulduğunu da söyləmirlər. Bununla belə, hamımız yaxşı bilirik ki, bu deyilənlər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası, Yerevanın ərazi bütövlüyümüzü tanımağa məcbur edilməsi ətrafında cərəyan edən proseslərin fonunda bizə ünvanlanır. Əlbəttə, Xarici İşlər Nazirliyimiz bütün bunlara olduqca əsaslı və tutarlı cavab verib. Ancaq bir millət vəkili və vətəndaş olaraq bəzi məqamlara toxunmağı özümə borc bilirəm.
Fikrimcə, belə bəyanat müəllifləri söylədiklərinin əsaslı olması üçün hansısa xəritəyə sahib olmalıdırlar. Bizdə belə xəritələr çoxdur və hansı sərhədin haradan keçdiyini bilirik. Əgər onlarda da hansısa xəritələr varsa, ki, sərhədlərin dəyişdirilməsini həmin xəritədən görürlər, təqdim etmələri lazımdır. Bununla regionda uzunmüddətli sülhün bərqərar olmasına töfhə vermiş olarlar. Yox, xəritələri yoxdursa, bilməlidirlər ki, əksinə, indi baş verənlər dəyişdirilmiş sərhədlərin bərpasına yönəlmiş proseslərdir. Çünki regiondakı sərhədlər 30 il öncə İranın səssiz müşahidəsi altında dəyişdirilmiş, bölgənin müsəlman dövləti olan Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bəyanat müəlliflərinin 30 il əvvəlin hadisələrini nəzərdə tutduqları inandırıcı görünmür, ancaq hər halda reallığı da qəbul etməyi bacarmalıdırlar.
Son 30 il ərzində regionda tək dövlət sərhədləri deyil, mənəvi sərhədlər də pozulmuşdu və təəssüf ki, İran buna biganə idi. Hər zaman dostluq münasibəti bəslədiyimiz cənub qonşumuzun heç bir məmuru onlarla müsəlman məscidinin dağıdılmasını, içində donuz otarıldığını, yüzminlərlə müsəlmanın çöllük-biyabanlıqda qeyri-insani şəraitdə həyatla mübarizə apardıqlarını, müsəlman qız-qadınların təhqir olunduğunu nədənsə “qırmızı xətt” hesab etmirdi. Əvəzində bütün bunları törədənlərlə hərtərəfli münasibətlərin inkişafı hər vəchlə stimullaşdırılır, ticarət intensivləşirdi. Pozulmuş sərhədlərin bu tərəfindəki terrorçu-separatçı ünsürlərə azuqə, yanacaq daşınırdı. İndi bütün bunların qarşısı alınıb və əslində, ədalət bərpa olunub. Qalır sərhədləri bərpa etmək. Bu da bizim qırmızı xəttimizdir: kimin xoşuna gəlmirsə, gəməyə bilər: bu, müstəqil, azad, güclü Azərbaycanın problemi deyil.




 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top