Düşmənin tam zərərsizləşdirilməsində daha mübariz olmalıyıq

GÜNDƏM 16.09.2022 1254

Ermənistan silahlı qüvvələrinin 12-13 sentyabrdan başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı hərbi əməliyyat həyata keçirməsi və təxribatlar törətməsi Azərbaycan Ordusunun itkilərinə səbəb olub.

Təəssüflə bildirməliyik ki, Ermənistan bu təxribatçı təcavüz aktlarını xaricdən olan himayədarlarının diktəsi ilə davam etdirərək, bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünün təhlükəsizliyinə və regionda sülhün əldə olunmasına maneçilik törədir. 

İkinci Qarabağ Müharibəsində çoxlu sayda muzdlu döyüşçü və hərbçilər itirmiş Ermənistan öz xalqını səfalətə sürükləyərək öz ölkəsində demək olar ki, xaos yaradıb. Bu gün məğlubiyyətin ağrı-acısını yaşayan Ermənistan ona çətin olsa da başa düşməlidir ki, bu yeni reallıqda Azərbaycanla danışıq ritorikası hərb dili deyil. Azərbaycanın səsləndirdiyi 5 prinsiplərin əsasında masa arxasında Böyük Sülh Sazişi imzalanmalıdır.

Bəzi siyasi dairələrin Ermənistan ordusu vasitəsilə hərbi cinayətlər törədərək Azərbaycanı təhdid etməsi artıq bütün dünyaya bəllidir. Bu, Ermənistan dövləti üçün növbəti dözülməz, tarixi faciəyə gətirib çıxara bilər. Bu, Azərbaycan Prezidenti və xalqının birmənalı mövqeyidir. Buna heç bir erməninin şübhəsi olmasın.

Heç kəsə sirr deyil ki, bu gün dünyada mövcud ədalətsizliklər, siyasi riyakarlıq, başqa dövlətlərin ərazisində gözü olan Ermənistana qarşı tutulan güzəştli mövqe var. Bəzi dairələrdə mövqelərini digər dövlətlərin maraqlarına istiqamətləndirən qüvvələr mövcuddur. Onu da görürük ki, Ermənistanın hiylə və yalanları artıq sistem halını almış, təhdidlər, diversiyalar nəinki real cəbhədə, eyni zamanda Ermənistan hakimiyyətinin ayrı-ayrı siyasi bəyanatlarında və bu günün reallığını əks etdirən müxtəlif informasiya platformalarında, habelə sosial şəbəkələrdə də özünü göstərir. 

Böyük narahatlıq hissi ilə bildirməliyik ki, bu hiylələrə, yalanlara bəzən aldanmış və ya onun təsiri altına düşən insanlar bəzən bilərəkdən-bilməyərəkdən bu yalanları yayanları dəstəkləyirlər. Bəzən isə ölkədə müxtəlif siyasi partiya və ictimaiyyət nümayəndələrinə də rast gəlirik ki, onlar ermənilərin bəzi hiyləli yalvarışlarının və ya başqa maraqlarının toruna düşürlər, beləliklə böyük cinayət hadisələrinə rəvac verə biləcək hadisələrin bilmədən iştirakçısına çevrilirlər. 

Təəssüfedici məqamlardan biri də odur ki, həmin insanlar Azərbaycan Ordusunun istənilən atəşə, təxribata, hərbi təcavüzə dərhal amansız münasibətini şərh edərək Ordumuzun müzəffərliyi və əldə etdiyi uğurlara milli maraqlarımızı ifadə etməyən fikirlər səsləndirirlər. Onlar bu fikirləri səsləndirməkdə böyük xəta edirlər. 

Dəfələrlə bəyan olunduğu kimi, hərbi əməliyyatlar zamanı atılan addımlar Azərbaycanın beynəlxalq hüququ qoruması, habelə bölgədə sülhü, əmin-amanlığı, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını sübut edir. Azərbaycan yalnız hərbi obyektləri hədəf alır və aparılan əməliyyatlar Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək, o cümlədən Ermənistanın istənilən təxribatına son qoymaq məqsədi daşıyır. 

Azərbaycanın Birinci və İkinci Qarabağ Müharibələrində əldə etdiyi təcrübə bir daha bütün dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirdi. Xüsusilə, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycan Ordusunun sivil insanlara zərər yetirmədən Ermənistan ordusu və hərbi infrastrukturunu darmadağın etməsi, eləcə də Azərbaycan xalqının “Dəmir yumruq” kimi Prezident İlham Əliyevin rəhbərliyi altında birləşməsi bundan sonra da azərbaycanlıların siyasi mənsubiyyətindən, tutduğu mövqeyindən, əhvali-ruhiyyəsindən asılı olmayaraq birliyini nümayiş etdirəcək.

Bütün Azərbaycan vətəndaşlarına müraciət edərək bu ağır və həssas məqamda Azərbaycan xalqının marağını davamlı siyasətə çevirərək zəfərə, qələbəyə doğru aparan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırır, Azərbaycanı sevməyən qüvvələrin, düşmənlərin tam zərərsizləşdirilməsi istiqamətində fəaliyyətdə daha mübariz olmağa səsləyirəm. 

Bu günlər xalqımız erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində şəhidlik zirvəsinə ucalmış övladlarımızın yas mərasimlərini keçirərək düşmənə lənət oxuyur, qazilərimizin tezliklə sağalmasına dua edir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza güc və səbir arzu edirik. 

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top