BTE-dəki izdihama Nazirlikdən REAKSİYA: “Məcburiyyət yoxdur” - YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 12.09.2022 1248

Bakı Tikiş Evinin qarşısında məktəbli forması ilə bağlı izdiham yaşanır. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər.

Baku TV-nin əməkdaşı məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən münasibət öyrənib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbli formaları ilə bağlı Təhsil Nazirliyi hər hansı şirkətlə əməkdaşlıq etmir, sifariş həyata keçirmir, bu işlə özəl müəssisələr məşğul olurlar.

“Məktəbli forması olmadan tədrisin ilk günü məktəbə getmək olmaz deyə məcburiyyət yoxdur. Valideynlər formanı sonra da ala bilərlər”, - deyə əlavə edilib.

11:54

Bu gün məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaradıb.

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bununla bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, tək bir müəssisə bütün Bakı şəhərini forma ilə təmin edə bilməz:

“Məktəbli formaları üçün heç bir qurum bizə müraciət etməyib. Biz dövlət müəssisəsi deyilik, özəl qurumuq. Biz bank krediti ilə işləyirik. Aşağı faizlə də bizə kredit verən yoxdur. Gərək əvvəldən bu işə razılaşmazdıq. İndi hamı məsuliyyəti bizim üzərimizə atır”.

E.Əzimov bildirib ki, tikiş evi hər gün 1200-1500 forma istehsal edə bilir: 

“Hazırda tələbat qısaqol köynəklərədir. Yay üçün biz qısaqol forma hazırladıq, uzunqol köynəklər də hazırlanır”. 

Şöbə müdiri izdihamda günahı məktəb direktorlarında görüb: 

“Direktorlar valideynləri məcbur edirlər ki, mütləq forma ilə gəlin məktəbə. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir. Camaatı belə təşvişə salmaq olmaz. Bizim burada heç bir günahımız yoxdur”. 

Sonda E.Əzimov bildirib ki, hazırda 30 mindən çox forma satılıb.

11:07

Hazırda Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır. 

Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, vətəndaşlar üç gündür BTE-nin qapılarının onların üzünə qapanmasından və heç yerdə məktəbli forması tapa bilməməsindən gileylənirlər. 

Onların sözlərinə görə, məktəblər isə ancaq BTE-nin emblemi olan formaların geyinilməsinə icazə verirlər. Üstəlik digər ticarət mərkəzlərində satılan formaların üçqat baha olduğunu bildirirlər. 

Hazırda yaşanan izdihamın qarşısını almaq üçün əraziyə polis əməkdaşları cəlb olunub. BTE bir neçə dəqiqə əvvəl vətəndaşların hissə-hissə mərkəzə daxil olmasına imkan yaradıb.

Qeyd edək ki, bu il BTE ancaq ibtidai siniflər üçün məktəbli forması istehsal edib.

“Photostock.az”ın əməkdaşları ərazidən fotolar lentə alıb:

 


Daha çox foto burada: Photostock.az

10:40

Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Valideynlər məktəbli geyimlərini əldə etmək üçün Bakı Tikiş Evinə üz tutublar.

Oxu.Az xəbər verir ki, bu da Bakı Tikiş Evinin qarşısında böyük izdihama səbəb olub.

Ətraflı videonu təqdim edirik:



 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top