“Donoru möcüzə nəticəsində tapmışıq, amma pul yığa bilmirik” - Ana köməyə çağırır + FOTO/VİDEO

CƏMİYYƏT 06.09.2022 1329

Azərbaycanın Masallı rayonundan olan Günay Ağayeva Media.Az-a kömək çağırışı ilə müraciət edib. Onun oğlu talassemiya xəstəliyindən əziyyət çəkir və sümük iliyi transplantasiyası üçün onlara külli miqdarda pul lazımdır. Uşağı xilas etməyin yeganə yolu əməliyyat olunmasıdır.

Yeddi yaşlı İntiqam bu genetik qan xəstəliyinin ağır formasından - beta-talassemiyadan əziyyət çəkir, onda lazım olduğu qədər hemoqlobin əmələ gəlmədiyindən ağır anemiya müşahidə edilir. Bu anemiyanın özəlliyi ondan ibarətdir ki, xəstə artıq dəmir qəbulu ilə mübarizə aparmalıdır.

Beta-talassemiyası olan insanlar daha tez-tez qanköçürməyə ehtiyac duyurlar. Onlara həmçinin izafi dəmir səviyyəsini normal vəziyyətə gətirmək üçün dəmir molekullarını birləşdirib, bədəndən xaric edən xüsusi preparatlar təyin olunur.

“Oğlum yeddi aylıq olanda biz onu Bakı Talassemiya Mərkəzində qeydiyyata saldıq. İntiqama iki həftədən bir qan köçürülür. Bu, onun ömrünü uzatmağa yönəlmiş zəruri tədbirdir. Hər gecə ona müvafiq dərmanı səkkiz saat ərzində yavaş-yavaş infuziya ilə, özü də venadaxili yox, transabdominal olaraq, yəni qarın boşluğu vasitəsilə yeridirəm. Adətən, bu cür müalicədən yalnız xəstənin vəziyyətinin ciddi olduğu halda istifadə edilir.

Həyatının ilk ilindən bu uşaq dərman preparatları ilə yaşayır. Yaxşı ki, müalicə və dərman dövlət tərəfindən pulsuz təmin edilir. Amma İntiqamın diaqnozuna əsasən, həkimlər erkən sümük iliyi transplantasiyası əməliyyatında israrlıdırlar. Onların fikrincə, bizim vəziyyətimizdə bu, yeganə çıxış yoludur, çünki uşağın vəziyyəti günbəgün daha da pisləşir.

May ayında ona donor tapmaq üçün sənədləri verdik. Artıq iyun ayında bizə məlumat verildi ki, ABŞ və Almaniyada donorlar var. Bu qədər qısa müddətdə donor tapmaq çox nadir hadisədir və böyük şansdır. Türkiyədə də bizə bir variant təklif olundu, lakin uyğunluq 100% olmadı və biz imtina etmək məcburiyyətində qaldıq. Həm ABŞ, həm də Almaniyada əməliyyatın dəyəri təxminən 95 000 dollardır (təxminən 162 000 AZN).

Bizə oktyabrın sonuna qədər vaxt veriblər ki, pulu tapıb əməliyyat etdirək, əks halda yeni donor axtarmalı olacağıq. “Nərgiz” Xeyriyyə Fondu oğluma kömək etməyə razılaşdı, xərcin yarısını ödəməyi öhdəsinə götürdü. Beləliklə, 41 000 dollar (təxminən 70 000 AZN) yığmalıyıq. Bu da bizim üçün dözülməz yükdür. Üç aylığından uşağı tək böyüdürəm. Atası onun həyatında yoxdur, kömək etmir. Xalqa müraciət etməkdən başqa çarəm qalmayıb.

Üç mağazaya ianə qutuları qoydum, amma üç ayda cəmi min manat yığıldı. Bu, tələb olunan məbləğin bir faizindən də azdır... Biz qiymətli vaxtı itiririk...

Yalvarıram, oğluma kömək edin, bu qorxulu xəstəliklə çətin mübarizədə bizim yanımızda olun. Onsuz da çox vaxt itirmişik...”, - deyə Günay Ağayeva müraciət edib.

Biganə qalmayan bütün oxucuları balaca İntiqamın probleminə həssas yanaşmağa və ona bacardıqları qədər kömək etməyə çağırırıq.

Günay xanımla bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: + 994 50 883 55 44.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top