İrəvanı sonda sıxacaqlar – Rusiyalı ekspertlərin şərhi

GÜNDƏM 26.08.2022 1061

Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması barədə mövzu İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra gündəmdən düşməyib. 

Bu yaxınlarda belə bir məlumat yayıldı ki, erməni tərəfi, deyəsən, avtomobil əlaqəsi üçün “materik” Azərbaycanla Naxçıvan arasındakı keçid məntəqələrini açmağa hazırlaşır.   

Düzdür, 10 Noyabr Bəyanatında Naxçıvana maneəsiz girişlə bağlı bənd pozulduğu üçün mətbuatda səslənən variantlar, çətin ki, Azərbaycan tərəfini razı salsın.

Lakin hətta Azərbaycan ərazisinə Ermənistan üzərindən daşımaların mümkünlüyü ilə bağlı eyhamlar da İrəvanda hiddət fırtınasına səbəb olub.

Müxalifətçi erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papyan isə bəyan edib ki, Ermənistan ərazisindən keçən istənilən dəhliz qanunsuz hesab edilir.

Bundan əlavə, Ara Papyan istisna etməyib ki, Azərbaycan tərəfi Ermənistan ərazisində Azərbaycan kolonnalarını müşayiət edəcək Rusiya ordusuna pul ödəməyə də hazırdır.

Oxu.Az rusiyalı iqtisadçılar - Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov və Avrasiya üzrə ekspert Aleksandr Razuvayevdən sözügedən vəziyyəti şərh etmələrini xahiş edib.

Vasili Koltaşov:

- Əgər Ermənistanda deyirlərsə ki, bu, qanunsuzdur, qoy o zaman qanunu qəbul etsinlər və olsun qanuni. Qalan hər şey Ermənistan cəmiyyətində dərin ziddiyyətləri göstərən siyasi spekulyasiyadır. Orada əslində hər şey çox qəlizdir. Görünür, onlar bundan sonra nə etməli olduqlarını və ya nə etməli olmadıqlarını anlamırlar.

Təcavüz dövrü təzəcə keçdi, nəhayət, biz bu mərhələdən çıxdıq və danışıqlara başladıq. Və məncə, dəhliz açılmalıdır. Bu, Ermənistanın özü üçün də vacibdir və faydalıdır. Bundan erməni müəssisələri qazanacaq. Kolonla yük maşınları hərəkət edəcək, bu isə yol kənarında kafelərin, mağazaların və sair iaşə obyektlərinin işləməsi deməkdir. Biz çəkişmələri dayandırıb işin iqtisadi formatına keçməliyik, lakin mürəkkəblik buradadır. Belə bir qərarı qəbul edə biləcək güclü administrasiya lazımdır. Nikol Paşinyan doğru mövqedə deyil, o, daim manevrlər edir, bəzən bu manevrləri məharətlə icra edir, lakin bütün bu addımlar Azərbaycanla böhranın yekun həllinə və Ermənistan iqtisadiyyatının və cəmiyyətinin xeyrinə xidmət etmir.

Ermənistan müxalifəti 2020-ci ilin payız müharibəsinin nəticəsi ilə barışmayan Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin fikrini əks etdirir. Amma indiki Ermənistan hakimiyyəti tutarlı arqumentlər gətirməlidir. Məsələn, Ermənistana yeni böhran və yeni ölü insanlar lazımdırmı? Münasibətləri normallaşdırmaq, onu iqtisadi formata yönəltmək daha yaxşı olmazmı? “Böyük Ermənistan” haqqında fantaziyalar quranlar üçün bu arqumentlərin faydası olmayacaq, amma həyat göstərir ki, ticarət etmək və təbii ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək lazımdır. Paşinyan özü də təbii ki, ictimai rəylə toqquşmaqdan qorxur. Halbuki Ermənistan müxalifəti indiki baş naziri vəzifəsindən uzaqlaşdıra bilsəydi də, eyni vəziyyətə düşərdi.

Aleksandr Razuvayev:

- Ermənistan öz öhdəliklərinə əməl etməlidir və bunlar üçtərəfli bəyanatlarda əksini tapıb. Ticarət yollarını açmaq hər kəs üçün faydalıdır. Qonşularla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatı üçün müsbət haldır. Aydındır ki, Ermənistanda bütün proses çox ağrılı şəkildə qarşılanır. Amma başqa variant yoxdur, İrəvanı sonda sıxacaqlar. Və Zəngəzur dəhlizi işə başlayacaq - bu, təkcə dəmiryolu deyil, həm də avtomobil nəqliyyatı olacaq.

Bunu istəməyənlər (Ermənistanda - red.) qoy öz fikirlərində qalsınlar. Zəngəzur dəhlizi işə düşəcək, mən buna əminəm. Erməni tərəfinin qeyri-ardıcıl mövqeyi isə qoy elə onların zəif tərəfi olaraq qalsın. Ermənistan ərazisində Azərbaycan kolonnalarını müşayiət etdiyinə görə “Azərbaycan tərəfi Rusiya ordusuna pul ödəməyə hazırdır” iddialarına gəlincə, bu, istisna olunur. Bu, bir növ “şüur axını”dır ki, ona reaksiya vermək olmaz.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top