Azərbaycan Güləş Federasiyasından 63 min manatlıq oğurluq edən şəxslərə hökm oxunub

GÜNDƏM 24.08.2022 1068

Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq etməkdə təqsirləndirilən Kamran Mütəllimova, Vüqar Əsgərova və İmran Zeynalova hökm oxunub.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə hər üç şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, ofisə daxil olan naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat olan dəmir seyfi oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilərdən biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.

Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top