Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

GÜNDƏM 16.08.2022 1189

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha iki idmançısı mərhələ adlayıb.

Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Çyoaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Sotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Georgiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. Aslanlı yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top