ABŞ-Çin gərginliyi fonunda Azərbaycana çağırış: “Planları pozmaq üçün bir araya gəlmək lazımdır” - FOTO

DÜNYA 04.08.2022 1228

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ABŞ-la Çin arasında gərginliyi daha da artırıb. Nəticədə Çin qırıcıları Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub, hətta ordusu Tayvan ətrafında təlimlərə başlayıb. Bununla da kifayətlənməyən Çin təxribat baş verəcəyi təqdirdə Tayvandan bunun qisasını alacağını bildirib.

Görəsən, ABŞ-Çin münasibətləri necə irəliləyəcək?

Türkiyəli tarixçi, professor Mehmet Bora Perinçek Oxu.Az-a açıqlamasında ABŞ-ın təkqütblü dünya hegemonluğunu itirmək üzrə olduğunu diqqətə çatdırıb:

“Balans həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Avrasiyanın lehinə dəyişir. Bu isə ABŞ-da panika yaradır. Çünki ABŞ öz planlarını həyata keçirmək, təkqütblü hakimiyyətini davam etdirmək üçün köklü dövlətçilik ənənələrinə, böyük gücə sahib ölkələri mühasirəyə alaraq parçalamaq istəyir. Rusiyanı Ukrayna, Çini Tayvan, Türkiyəni isə Suriya, Şərqi Aralıq Dənizi, Ege, Trakya vasitəsilə mühasirəyə alaraq sıradan çıxarmağa çalışır.

Yəni ABŞ-ın Tayvan siyasəti dünya hegemonluğu planının bir parçasıdır, təkcə Çinə yox, ABŞ-la problem yaşayan Rusiya, Türkiyə və digər ölkələrə qarşı da bir həmlədir. Həmçinin ABŞ-ın Şərqi Aralıq dənizindəki fəaliyyəti, Suriyadakı PKK terroru da sadəcə Türkiyəyə yox, Çinə, Rusiyaya - bütövlükdə Avrasiya coğrafiyasına qarşıdır. Ukraynada etdikləri təkcə Rusiyanı deyil, bütün Avrasiyanı mühasirəyə alma strategiyasının parçasıdır”.

Politoloq vurğulayıb ki, ABŞ aqressiyasının Tayvanda artması Çini dünyanın bütün bölgələrində balansı dəyişdirəcək addımlar atmağa məcbur etməkdədir:

“Türkiyə, Rusiya, Çin, Azərbaycan, Pakistan, İran, Hindistan kimi ölkələr ABŞ-ın Tayvan, Kipr, Suriya, Şərqi Aralıq dənizi və Qara dənizdəki planlarını pozmaq üçün bir araya gəlməlidirlər. ABŞ-ın bütün planlarında uğurlu olma şansı yoxdur. O qəbul etməsə də, hegemonluğunu itirib, artıq enişə keçib. Dünya iqtisadiyyatı bu gün Avrasiyaya, Atlantikdən Sakit okeana doğru irəliləməkdədir. Hərbi balans da Avrasiyada dəyişir. Ona görə də ABŞ-ın planları uğursuzluqla nəticələnəcək. Burada önəmli olan Avrasiya ölkələrinin ümumi strategiya ilə ortaq bir fikrə gəlməsidir”.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz isə qarşıdakı 25-50 il ərzində əsas məsələlərin ABŞ-la Çin arasındakı mübarizə və rəqabətlə bağlı olacağını bildirib:

“Çünki hökmranlıq nəzəriyyəsinə görə, ABŞ dünyanın tək hakimi mövqeyində qalmaq üçün özünə rəqib olan dövlətləri aradan çıxarmalı, siyasi, iqtisadi və hərbi baxımdan onları təsirsiz hala salmalıdır. 1991-ci ildə Varşava Paktı dağıldıqdan sonra dünyada güc boşluğu yaranmışdı, artıq ABŞ belə daxili siyasi məsələlərə görə hökmranlıq nəzəriyyəsinə uyğun fəaliyyət icra etmirdi. Daha çox bölgədə enerji mənbələrini kontrol edəcək fəaliyyətlərlə məşğul idi. 

Co Baydenin prezident seçilməsiylə birlikdə ABŞ-ın dərin dövləti, dünyanı idarə edən qüvvələr ölkənin təkrar təsir qüvvəsinə malik olması üçün dünya maliyyə sistemi və digər sistemləri də dəyişdirərək sabit bir idarəçilik sisteminə keçmək qərarı aldılar. Rusiya-Ukrayna müharibəsi də bu fonda dəyərləndirilməlidir”.

General qeyd edib ki, Çin sürətlə inkişaf edən bir ölkə olduğu üçün ABŞ-ın hazırkı işləri 5-10 il sonra görməsi mümkün olmayacaq:

“Yəni bu işi indi gördüsə, görəcək, sonra gec olacaq. Çünki indi ABŞ Çini hazırlıqsız yaxalayıb. Çin hazırda hərbi qüvvə baxımdan ABŞ-la mübarizə aparacaq gücdə deyil. Çin dünyanın ən güclü üçüncü ordusuna sahibdir, ancaq sadəcə orduya sahib olmaq dəyərlərini qorumaq üçün kifayət etmir. Ona görə də, Çinin ABŞ-a bundan sonra hərbi cavab verə biləcəyini düşünmürəm.

Çindəki ABŞ şirkətlərinə sanksiyaların tətbiqi, eləcə də ABŞ-ın Çin şirkətlərinə, çinli biznesmenlərə qarşı iqtisadi sanksiyaları bir müddət davam edəcək. ABŞ istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Tayvan həmləsi ilə şahmatda çox üstün bir həmlə edib və onu doğru vaxtda edib. Bunların fonunda onu deyə bilərəm ki, dünya 20-25 il davam edəcək gərginlik, bəzən “üçüncü dünya müharibəsimi olur?” deyiləcək səviyyədəki müharibə və daxili qarışıqlıqlarla mübarizə aparacaq. Məlumdur ki, son günlər Kosovo-Serbiya arasında gərginlik yaşandı, Afrika onsuz da qeyri-stabil durumdadır, Qarabağı da təkrar qarışdırmağa çalışırlar, İraqda, Suriyada yaşananlar isə göz qabağındadır. Bunları nəzərə alıb hər şeyə hazır olmaq lazımdır. İndi dövlətlərin yerli imkanlarından istifadə edərək dostlarıyla əməkdaşlıq etməli olduğu bir dövrdür”.

Karauz bu hadisələrin Türkiyə və Azərbaycana necə təsir edəcəyinə də baxmalı olduğumuzu söyləyib:

“Çünki Azərbaycan və Türkiyə coğrafi mövqe baxımından önəmli ərazidə yerləşir. Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsinə əsasən, yaradılan çərçivə daxilində həm qlobal, həm də regional hadisələrdə birgə addımlar atmalıdırlar. Belə olacağı təqdirdə baş verən hadisələr bizə çox az təsir edəcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top