Qırx peşəkarla başlayan hekayənin bu gün qırx yaşı tamam olur: Ən çox müraciət olunan şöbədən FOTOREPORTAJ

GÜNDƏM 27.07.2022 1379

Azərbaycanda həkimlərə edilən müraciətlər arasında zəhərlənmə faktları üstünlük təşkil edir. Zəhərlənmə isə kifayət qədər risklidir, zamanında müdaxilə edilməzsə, geridönülməz fəsadlara səbəb ola bilər.

Bu gün insanları zəhərlənmənin fəsadlarından qoruyan, müalicə edən qurumun yaranmasından 40 il keçir.

Hazırda Klinik Tibbi Mərkəzin bir strukturu olan Toksikologiya şöbəsinin əsası 1982-ci ildə Səhiyyə Nazirliyinin tapşırığı ilə qoyulub. Ulu öndər Heydər Əliyevin səhiyyə sisteminə olan diqqət və qayğısı nəticəsində Cənubi Qafqazda ilk toksikoloji mərkəz məhz burada yaranıb.

Həmin mərkəz o dövrün peşəkar kadrları ilə fəaliyyətə başlayıb. Çoxsaylı texniki avadanlıqla təchiz olunmuş qurumda, ilkin məlumata görə, 40 nəfərlik tibbi heyət çalışıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında deyir ki, o burada 1988-ci ildən işləməyə başlayıb.

1994-cü ildə tibb elmləri doktoru olan toksikoloq qeyd edir ki, bu günə qədər şöbənin fəaliyyəti öz nümunəviliyi ilə seçilib:

“1982-ci ilə qədər zəhərlənmə ilə bağlı ölüm dərəcəsi 15-20 faiz, hətta daha çox olub. Çünki sahə üzrə peşəkar kadrlar kifayət qədər olmayıb. Xəstələr o zaman ümumi reanimasiya şöbəsinə yerləşdirilirdilər. Klinik Tibbi Mərkəzin rəhbərliyi hər zaman həkim kollektivinin işinə dəyər verib, şöbəmizin bütün zəruri tibbi avadanlıq, dərman preparatları ilə təmin edilməsinə diqqət ayırıb.

Bu illər ərzində kollektivimiz 70 nəfərə qədər böyüyüb. İşçilərimiz arasında iki nəfər tibb elmləri doktoru fəaliyyət göstərir. Onlardan 20 nəfəri həkim, 50 nəfəri isə tibb işçiləridir”.

Ölkədə baş verən fövqəladə hallar zamanı Toksikologiya şöbəsinin tibbi briqadası hadisə yerinə cəlb edilir. 1995-ci ildə Bakı metrosunda baş verən hadisə zamanı eyni anda 400 nəfərə yaxın pasiyent qəbul edilib. Hələ o dövrdə belə, qəbul edilən xəstələr arasında ölüm halları qeydə alınmayıb.

Eyni zamanda, 2015-ci ildə paytaxtda bina yanğını baş verən zaman Toksikologiya şöbəsinin həkimləri çox böyük fədakarlıq göstərmişdilər. Həmin hadisə zamanı 16 nəfər ağır zəhərlənmə ilə daxil olmuşdu, onlardan səkkizi azyaşlı idi.

A.Maqsudov qeyd edib ki, onlar arasında da ölüm halı baş vermədi:

“Bundan başqa, 45 nəfər də müayinə edilərək, ambulator müalicəyə göndərilmişdi. O vaxt səhiyyə naziri də məsələ ilə bağlı şöbəyə gələrək xəstələrin vəziyyəti ilə yaxından tanış olmuşdu.

Bənzər fəaliyyətlər ölkədə bir sıra iri ticarət obyektlərində baş verən yanğınlar zamanı da qeydə alınıb. Qaz, tüstü boğulmaları ilə bağlı müraciət edən xəstələr birbaşa bizim şöbəyə çatdırılırlar. Ağır dərəcəli yanıq diaqnozu olanlar isə aidiyyəti üzrə Yanıq Mərkəzinə yönləndirilirlər”.

Hazırda burada təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda, KTM-in Toksikologiya şöbəsində yeni - qan təmizləmə bloku yaradılacaq və ən müasir tibbi avadanlıqlarla tam təchiz ediləcək.

A.Maqsudov onu da əlavə edib ki, bu gün şöbə eyni anda 25 xəstəni stasionar surətdə qəbul etmək gücünə malikdir:

“Hər gün KTM-in Toksikogiya şöbəsinə müraciət edənlərdən 15 nəfər stasionara, 25-30 nəfər isə ambulator müalicəyə cəlb edilir. Həkimlərimiz təkmilləşdirmə ilə bağlı təlimlərə cəlb edilirlər. Eyni zamanda türkiyəli mütəxəssislərlə birgə simpoziumlarda iştirak edirlər”.

Hazırda KTM-in Toksikologiya şöbəsində 20 pasiyentin stasionar müalicəsi davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top