Müharibə veteranı: “Azad olunan ərazilərə sağ qalan döyüş dostlarımla getmək istəyirəm”

GÜNDƏM 25.07.2022 1365

“Vətən müharibəsi əsgərlərimizin igidliyi, qorxmazlığı, şücaəti, şəhadətə can atması, millətimizin arxa cəbhədə bir yumruq kimi birləşərək orduya misli görünməyən dəstək verməsi ilə yaddaşlara köçdü. Dünya hələ uzun müddət bu fədakarlıqdan, yaralı halda sıldırım qayaları dırmanaraq odlu silahlı düşmənə bıçaqla hücum edən və zəfər çalan əsgərdən, dronların səmada şahin kimi süzdüyü müharibədən çox danışacaq”.

Bu sözləri “Report”a açıqlamasında Vətən müharibəsi veteranı, baş leytenant Mübariz Abbasov deyib.

O bildirib ki, Azərbaycan Ordusunda ehtiyatda olan zabit olub:

“Sumqayıt Hərbi Komissarlığından sentyabrın 21-də təlimlərə çağırılmışam. Müharibə başlandığı ilk gündən döyüşlərdə iştirak etmişəm. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Mən mina partlaması nəticəsində travma aldım. Şiddətli döyüşlər gedirdi. Hər gün yaralımız, şəhidimiz olurdu, amma ruhdan düşmürdük. Qəribə bir hiss var idi. Adını bilmədiyim, əslən lənkəranlı, Hozu ləqəbli əsgərin doqquz yerdən müxtəlif yarası var idi. Amma döyüşdən qalmırdı. İndi də sağdır. Elə adını telefonuma Hozu yazmışam”.

O, azad olunmuş ərazilərin çox gözəl olduğunu vurğulayıb:

“Hələ Tuğ kəndinin söz ilə dilə gətirə bilməyəcəyim gözəlliyi var. Müharibədən sonra o torpaqlara getməmişəm. İstəyirəm, qismət olsa, sağ qalan döyüş dostlarımla gedim”.

Qeyd edək ki, M.Abbasov 1979-cu il noyabrın 17-də Qərbi Azərbaycanda anadan olub. Üç övlad atasıdır. Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top