Fərman və sazişlər taxıl böhranını önləyə biləcək? - İqtisadçılar DANIŞDILAR + FOTO

İQTİSADİYYAT 25.07.2022 1407

“Azərbaycan hazırda buğda tələbatının 57-58 faizini öz istehsalı hesabına qarşılayır. Ancaq məsələ ondan ibarətdir ki, yerli istehsal ümumi ərzaqlıq buğdanın 25 faizini ödəyir. Qalan hissə xaricdən idxal vasitəsilə təmin edilir”.

Bu sözləri taxıl bazarında baş verən dəyişiklikləri Oxu.Az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Bildirək ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl dəhlizi üzrə razılaşma imzalanıb. Rusiya və Ukrayna arasında müharibə olmasına baxmayaraq, Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini təmin edən qüvvələr arasında Rusiya da yer alacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib, hətta təhlükəsizlik təminatına Türkiyə və üçüncü bir tərəfin də qatılacağını diqqətə çatdırıb.

Lakin Ukraynanın maliyyə nazirinin müavini Aleksandr Kava Rusiyanın fəaliyyətlərinə görə taxıl sazişinin müəyyən müddətə yerinə yetirilməsinə zəmanət verməyin çox çətin olduğunu deyib.

Məlumdur ki, Azərbaycan da Ukraynadan taxıl idxal edən ölkələr arasındadır. Bu səbəblə mövcud sazişin ölkəyə nə kimi təsir göstərəcəyi müəyyən dərəcədə maraq doğurur. Xüsusilə də Prezident İlham Əliyevin iyulun 19-da ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalamasından sonra taxıl bazarına diqqət artıb.

Baş verən hadisələrin fonunda Xalid Kərimli qeyd edib ki, hökumətin qarşısına qoyduğu məqsəd ərzaqlıq buğdanın təminat səviyyəsini 75 faizə qədər qaldırmaqdır:

“Bizim işğaldan azad olunmuş ərazilərimiz olduqca bərəkətlidir, iqlim və torpaq taxıl istehsalını artırmaq üçün əlverişlidir. Bunlar isə dövlətin diqqətindədir. Ona görə də istehsalı artırmaq üçün müxtəlif addımlar atılır ki, bunlardan biri də subsidiya məbləğinin artırılmasıdır. Əvvəl subsidiya əkin sahəsinə görə verilirdi, yaxşı deyildi, fermeri məhsuldarlığı artırmağa həvəsləndirmirdi. İndi isə subsidiya məhsula görə verilir, əgər çox məhsul istehsal edirsənsə, daha çox subsidiya əldə edirsən. 

Subsidiya büdcədən verilir, ona görə də çalışılır ki, taxılın strateji məhsul olduğu nəzərə alınaraq onun daha da bahalaşmasının qarşısı alınsın. Verilmiş subsidiyalar fermerlərin gəlirlərini artırmaqla onların daha çox qiymət tətbiq etməsinə mane olacaq və ya onların dövlətin dediyi qiymətlə razılaşmasına gətirib çıxaracaq. Çünki xərc artırsa, fermerlərin gəliri də artmalıdır.  Hökumət isə subsidiya ilə durumu tənzimləməyə çalışır”.

Ekspert hesab edir ki, hökuməti belə addım atmağa Rusiya-Ukrayna müharibəsinin başa çatmaması və başa çatacağına dair bir proqnozun olmaması vadar edib:

“Çünki biz taxılı əsasən Rusiya, Ukrayna və Qazaxıstandan alırıq. Rusiyadan sabah taxıl alıb-ala bilməyəcəyimiz sual altındadır. Çünki o, zaman-zaman ticari məsələləri siyasətinin tərkib hissəsinə çevirir. Bütün hadisələri nəzərə alan hökumətin bəzi vaxtlarda Ukraynada, Mərkəzi Asiyada torpaq icarəyə götürüb əkmək kimi fikirləri də olub.

Bunlar məsələnin bir tərəfidir, digər tərəf isə İstanbulda imzalanan taxıl sazişi ilə bağlıdır. Lakin bəllidir ki, bu taxıl Azərbaycana gəlmir, yəqin ki, Afrikaya gedəcək, düzü, detallarını bilmirəm. Ancaq nə baş verəcəyindən asılı olmayaraq, saziş ümumi taxıl bazarında qiymətlərə təsir edəcək. Bütün bazarda belə fikir formalaşmışdı ki, o taxılı ixrac etmək mümkün olmayacaq. İndi isə ixrac mümkün olacağına görə bazarda gərginlik bir qədər azalacaq. Yığılmış məhsulun sıradan çıxmaması ümumməhsul defisitinin yumşalmasına gətirib çıxaracaq. Yəni bu, qiymətlərin daha da qalxmasının qarşısını alacaq”.

Proseslərə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə sosial şəbəkədə qeyd edib ki, taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə belə, bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir:

“Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan saziş imzalaması buğdanın dünya bazarındakı qiymətinə təsirsiz ötüşməyib. Saziş imzalandıqdan sonra Birləşmiş Ştatlarda bağlanan fyuçerslərdə buğda üç faiz dəyər itirib və hər buşeli 786 dollara təklif olunub. Xatırladım ki, Rusiya-Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəyə (1 buşel/1300 dollaradək) yüksəltmişdi.

Belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini bir daha göstərir. Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir. Taxıl ixracatının bərpa olunması isə buğdanın qiymətlərinə təsir etsə belə, bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir.

Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar vardı. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır. Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyli zəiflətdi. Xüsusən də bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o anlama gəlir ki, gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən iki ölkə qlobal taxıl ixracatının 30 faizini formalaşdırır və onların bazardan çəkilmələri təklifə ciddi təsir göstərir”.

Millət vəkili son sazişin Azərbaycan üçün də yeni idxal imkanları yaradacağı düşüncəsindədir: 

“Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir. Yalnız bu ilin yanvar ayında taxıl idxalımız dörd dəfə artmışdı. İdxal daha çox Qazaxıstandan həyata keçirilib. Qara dəniz hövzəsindən ixrac ediləcək taxılın əsas alıcılarının başqa qitələrdə yerləşməsinə baxmayaraq, son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər. 

Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da, artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top