Azərbaycan mətbuatının fədakarları: “Mərmi qadının yanına düşmüşdü, o mandarinlər boğazımdan keçmədi” - FOTO

GÜNDƏM 22.07.2022 1333

Dünyada, ölkədə baş verənləri cəmiyyətə çatdıran, gecə-gündüz işləyən, əhali ilə qurumların arasında körpü rolunu oynayan cameənin - media nümayəndələrinin bayramıdır. 

Kənardan asan görünsə də, jurnalistikada çalışmaq çox çətindir. Yanğınlarda, müharibə bölgələrində, çətin şəraitdə fəaliyyət göstərən jurnalistlər var ki, bu dəfə istədik, onları da unutmayaq. Peşə fəaliyyətində təhlükələrlə qarşılaşan jurnalistlərin ən çətin anları haqda özlərindən dinləməyə qərar verdik. 

Oxu.Az-ın əməkdaşı müharibə bölgəsində, yanğınlarda, təhlükənin içindən operativ qaydada informasiya ötürən media nümayəndələri ilə həmsöhbət olub:

Baku.Tv-nin Ukraynadakı müxbiri Mübariz Aslanov Rusiya-Ukrayna müharibəsinin ən qızğın anlarında hadisə yerlərində olub.

Raket yağışlarının altında qorxmadan, çəkinmədən peşə fəaliyyətinə davam edən Mübariz bəy deyir ki, Rusiya-Ukrayna müharibəsi ərəfəsində Donbas və digər ərazilərə çəkiliş üçün ezam olunmuşdu:

“Müharibənin başlaması hamı üçün gözlənilməz oldu. Artıq bir ildən çox idi ki, mən Ukraynadaydım. Fevralın 22 və 23-də mən hazırda dağılan Sibiryansk şəhərindəydim. Onda hələ şəhər Ukraynanın nəzarətindəydi. İlk atəş səslərində heç kim müharibənin başlamasını hiss etmirdi. Martın 10-da ad günüm idi. Həmin ərəfədə mən və digər azərbaycanlılar şəhəri tərk etməyə başladıq. Azərbaycan səfirliyinin bütün nümayəndələri Lvova getmişdilər.

Rusiya hərbçilərinin şəhərə daxil olduğunu görürdük, amma silahlı şəxslər bizə nə edəcəkdilər, bilinmirdi. Bu, qorxu deyildi, qəribə bir müəmma idi. Daha sonra qatarla başqa bir vilayətə gedərkən oranın raket atəşinə tutulduğunu gördük, bir anda xarabalığa düşdük. Maşinist qatarı saxlayıb getdi, mən kupedəki ukraynalı oğlanla tək qaldım. Telefonları sönmüşdü, bir neçə kilometr yol gedərək kəndə çatdıq. Orada telefona enerji yüklədik və yerimizlə bağlı məlumat verə bildik. Daha sonra Nikolayev vilayətində gərgin döyüşlərin şahidi olduq. Mağaza və kafelər işləmirdi, günlərlə qida tapa bilmirdik”.

Nikolayevdən beş kilometr aralıda işğal edilən kəndlərə doğru gedən jurnalist deyir ki, bütün kəndlər dayanmadan atəşə tutulurdu:

“Sakinlər kəndləri tərk etsinlər deyə raketlərdən dayanmadan atırdılar. Yoldan iki kiloqram mandarin aldım ki, qaldığım yerdə qida tapa bilməyəcəm. Geri qayıdanda mandarin aldığım qadının bədəni parçalanmışdı. Mərmi qadının yaşadığı yerə düşmüşdü, o mandarinlər boğazımdan keçmədi. Bütün bunları ictimaiyyətə çatdırmaq üçün gündəlik yazıram. Müharibə bitdikdən sonra paylaşmağı düşünürəm. Təbii ki, müharibənin ilk günləri daha ağır mənzərə yaranmışdı, yollar canını qurtarmaq üçün qaçan dinc insanların parçalanmış meyitləri ilə dolu idi.

Müharibə çox çətin və əzablıdır. Bu günə qədər unutmadığım bir an var. Xarkovda bir qadın nömrəmi istədi, ona şəhərdən çıxmaq üçün kömək edəcəkdim, aidiyyəti səfirliklə əlaqələndirdim. Sonra ondan xəbərim olmadı, hələ də nömrəsinə zəng çatmır. İndiyədək özümə gələ bilmirəm, bəlkə, həmin an qadının yanına getsəydim, ona kömək edə bilərdim. Müharibə ilə bağlı acılı xatirəm çoxdur və təəssüf ki, müharibə hələ də davam edir”.

Yadınıza gəlirsə, Azərbaycanda qısamüddətli elektrik problemi olmuşdu. Metroda çoxsaylı insanlar qalmışdılar. O vaxt stansiyanın qarşısında bir gənc su parlayırdı. Həmin şəxs jurnalist Əziz Əlibəyli idi. Paralel olaraq həm informasiya mübadiləsi, həm də vətəndaşlara təmənnasız kömək edirdilər.

Hazırda Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri olan Əziz Əlibəyli deyir ki,  jurnalistika ən çətin peşələrdən biridir:

“Xüsusilə də təhlükəli vəziyyətlərdə fəaliyyət göstərməsi onun sağlamlığı, canı bahasına da başa gələ bilər. Çünki fövqəladə vəziyyətlərdə əsas vəzifəsi cəmiyyəti düzgün və peşəkar şəkildə informasiya ilə təmin etməkdir. Biz bunları peşə kodeksi olaraq qəbul etsək də, bəzi hallarda mülki müdafiə tədbirləri həyata keçirilən zaman bundan imtina etməli oluruq. Belə fors-major hallardan biri də Bakıda işıqların sönməsi, minlərlə sərnişinin metroda, tunellərdə çarəsiz vəziyyətdə qalması idi.

Söz yox, biz həmkarlarımızla birlikdə informasiyaları zamanında ötürürdük. Paralel olaraq da susuz vəziyyətdə qalan insanlara su almaq, yardım göstərmək, xilasında kiçik də olsa rol oynamaq həmin situasiyada bizim jurnalist olmaqla yanaşı, həm də bir vətəndaş borcumuz idi. Jurnalistika spesifik bir sahə olsa da, jurnalistlər hər zaman çətin situasiyalarda duyğuları ilə də hərəkət etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi bacarmalıdırlar”.

Vətən müharibəsində peşə fəaliyyətini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalan media nümayəndələrini də unutmadıq. Jurnalistikanı bu qədər məsuliyyətli, çətin və bir o qədər də dəyərli qılan sahədə zəhməti, vicdanı ilə çalışan şəxslərdir. Allah şəhid jurnalistlərimizə rəhmət eləsin!

Mətbuatın 147-ci yaşı münasibəti ilə peşəsini vicdanla yerinə yetirən bütün media nümayəndələrini təbrik edirik!

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top