Hamlet İsaxanlı: “Test üsulunun ləğvinə ehtiyac yoxdur”

GÜNDƏM 21.07.2022 1261

“Test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin özəlliyi odur ki, kim nə bilirsə, onu aşkara çıxarır. Test insanın biliyinin qiymətini obyektiv müəyyən edir”.

Bunu test üsulunun ləğvi təklifi ilə bağlı Oxu.Az-a danışan Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

Xatırladaq ki, test üsulunun əzbərçiliyə yol açdığı ilə bağlı iddialar getdikcə intensivləşir. Bəzi ekspertlər hesab edirlər ki, test üsulunun tətbiqindən sonra şagirdlərin fundamental biliklərə yiyələnməsi arxa plana keçib. Bu səbəbdən test üsulunun ləğv olunması, sovet dövrü üçün xarakterik olan üzbəüz imtahanların keçirilməsi təklif olunur. Lakin təkliflə razı olmayanlar da az deyil.

Qəbul imtahanında abituriyentlərin zəif nəticə göstərməsini testlə əlaqələndirirlər. Həqiqətən də, nəticələr ötən illərə nisbətən aşağıdır, yüksək nəticə göstərənlərin sayı olduqca azdır.

Vəziyyətdən çıxış yolu nədir? Azərbaycan test üsulundan imtina etməli, yoxsa testə aid üsullar bir qədər də təkmilləşdirilməlidir?

Professorun sözlərinə görə, test üsulunun ləğv olunmasına ehtiyac yoxdur:

“Qəbul liberallaşmalıdır. Liberallaşsa, ali məktəblər rahat, öz imkanlarına uyğun, istədikləri qədər tələbə götürə biləcəklər. Bununla ali məktəblərə qəbul olanların sayını artırmaq olar.

Test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin heç bir günahı yoxdur. Günah məktəb, müəllim, şagird və valideyndədir”.

H.İsaxanlı qeyd edib ki, ali məktəblərə qəbul ola bilməyənlər peşə məktəblərinə üz tutmalıdırlar:

“İnsanlar peşəyə yiyələnməklə öz həyatlarını qura bilərlər. Almaniyanın bu sahədə çox böyük təcrübəsi var. Almaniyada bir sıra şəxslər ali məktəblərə yox, sırf peşə məktəblərinə üz tuturlar. Bununla da kifayətlənirlər. Hərə öz bacarığına uyğun hərəkət etməlidir”.

Hamlet İsaxanlı əlavə edib ki, dünyanın hər yerində orta məktəb proqramları bir-birinə bənzəyir:

“Proqram çətin və ya asan deyil. Qəbul imtahanında stres var. Bu, inkişaf etmiş ölkələrdə də belədir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top