Azərbaycanda möcüzəvi “Qara daşlar”: “Ceyms Bond”a mövzu olan şəhər necə salındı? - REPORTAJ + FOTO/VİDEO

GÜNDƏM 19.07.2022 1384

Zığ qəsəbəsindən bizi dəniz şəhərinə aparacaq gəmi ilə “Möcüzələr adası”na yola düşürük. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Medianın İnkişafı Agentliyinin (MEDİA) Neft Daşlarına  birgə təşkil etdiyi səfərdə xarici media nümayəndələrilə yanaşı, Oxu.Az-ın əməkdaşları da var.  

Yol boyu gəminin Xəzərin dalğaları ilə mübarizəsini izləyirəm...

Möcüzəvi şəhərə gedərkən yadıma “Bəxtiyar” filmində Rəşid Behbudovun yaratdığı eyniadlı obraz düşür. 

Bəxtiyar (Rəşid Behbudov) atasının yolu ilə gedərək neftçi olur. “Neft çıxdı” replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür.

Bizimçün artıq paytaxtdakı qaynar həyat geridə qalır. Əvvəlcə quru azalır, sonra dənizin sahəsi genişlənir. Adaya yaxınlaşdıqca dəniz üzərində platformalar gözə çarpır. İki saat yarım ərzində ekranlardan izlədiyimiz Neft Daşlarına çatırıq.

Buraya dənizdə 220 kilometr uzunluğu olan estakada kompleksi demək olmaz. Bura dalğalar qoynunda yaşayış şəhəridir.

Xatırlatma:

Neft Daşları Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı adasının inzibati ərazi vahidində qəsəbədir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilib.

Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artıran və İkinci Dünya müharibəsindən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirən əfsanədir. Neft Daşlarında neft quyularının qazılması üçün 1949-cu ildə Xəzərdə estakadaların tikintisinə başlanılır.

Amma qəsəbənin öz tarixçəsi var. İllər öncə alimlər bu ərazidə üstü neftlə örtülü qayalara rast gəliblər. Bu qayalara görə dəniz sahəsi “Qara daşlar” adlanırmış. Qara daşlarda neft olması ehtimalı alimlərin diqqətini çəkibmiş. Qərara alınır ki, dənizdə quru sahələr deyilən ərazidə kəşfiyyat aparılsın.

Bunun üçün istifadəyə yararsız yeddi gəmi batırılır. Süni “7 gəmi” adası belə yaranır. Çox keçmədən ümidlər doğrulur. Dünyada ilk dəfə dənizin dibindən neft hasil olunur. Dənizin 942 metr dərinliyindən neft fontan vurur. Daha sonra Qara Daşların adı dəyişdirilərək Neft Daşları adlandırılır.

Eyni zamanda, yerli sakinlər su üzərinə yayılmış nefti vedrələrlə yığıb istifadə edirlərmiş. Sakit, küləksiz günlərdə dənizə yanan bir kağız düşəndə həmin yer bir an içində alova bürünərmiş. Gecələr bu mənzərə daha cazibədar olurmuş. Bayram günlərində və ya hörmətli qonaqlar gələndə bu möcüzəli atəşfəşanlıq məxsusi nümayiş etdirilər, hamını heyrətləndirərmiş.

1945-1948-ci illərdə geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası Neft Daşlarının geoloji xəritəsini işləyib hazırlayır. 1948-ci ildə qazılacaq ilk quyunun yeri müəyyənləşir və sərt qayalarda, dirəklərin üstündə ilk taxta evciklər inşa edilir. 1949-cu ildə isə ilk buruq quraşdırılır və kəşfiyyat quyusunun qazılmasına başlanılır.

Nəhayət, 7 noyabr tarixində quyu neft fontanı vurur və bununla da dünyada ilk açıq dənizdə neft çıxarılmasının əsası qoyulur. Ərazidə həmin quyu qorunub, saxlanılır. 

Neft Daşlarında intensiv iş 1950-ci ildən başlanır və artıq növbəti ilin fevralında neftlə dolu ilk tanker Bakıya yola salınır.

Neft hasilatı 1967-ci ilədək durmadan artırılıb. Həmin dövrdə 769 hasilat və 116 su quyusunda iş aparılırdı. 70-ci illərin ortalarına doğru Neft Daşlarında 115 milyon ton neft hasil edilmişdi ki, bunun da 87 faizi fontan üsulu ilə çıxarılıb. 

Neft Daşları dünyanın hasilatçı ölkələri üçün dənizdəki neft yataqlarının mənimsənilməsinə örnək olub. 

Hətta bir məqalədə Neft Daşlarını “dünyanın səkkizinci möcüzəsi” olaraq qəbul ediblər. Neft Daşları “Ginnesin Rekordlar Kitabı”na ilk dəniz neft platforması kimi düşüb.

1999-cu ildə “Ceyms Bond” silsiləsindən “Bir dünya bəs eləmir” adlı filmin bir epizodu Neft Daşlarında çəkilib.

Filmdə bildirilir ki, Neft Daşları özünün çiçəklənmə dövrünü 60-cı illərdə yaşayıb. Amma indinin özündə də yeni-yeni neft mənbələri aşkarlanır və hasilata cəlb olunur. Hazırda əsas vəzifələrdən biri yeni və köhnə neft qurğuları arasında fiziki əlaqənin qorunub-saxlanmasıdır.

Ona görə də paslanmış metal hissələr daim yenilənir və qurğular arasındakı yollar təmir olunur.

Neft Daşlarında fırtınalara, küləklərə neçə-neçə insan qurban gedib. Ən çox itki 1957-ci ildə güclü qasırğa zamanı baş verib. 27 neftçi peşə borcunu yerinə yetirərkən həlak olub. Hazırda Neft Daşlarının parkında bu qəhrəmanlara abidə ucaldılıb.

Səfər zamanı onların abidələri qarşısına əklil qoyduq. 

Neft Daşlarında 4000-dən çox insan yaşayır. Eyni növbədə 2000-ə yaxın adam olur. 

Neft Daşlarında hasil olunan neft dənizin dibi ilə birbaşa Bakıya, oradan isə beynəlxalq kəmərlər vasitəsilə xaricə daşınır.

...Artıq sondur, bizə ayrılan vaxt bitir. Gəmiyə yaxınlaşırıq və bu dəfəlik “Möcüzə aləmi” bitir…

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top