Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin ilk sakinləri yola salınıb - YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 19.07.2022 1257

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.

09:08

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır.

“Report” xəbər verir ki, proses dörd mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edirlər. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək.

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlan­dırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.

Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçiriliblər. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.

Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top