İranın Təhlükəsizlik Şurasının katibini Bakıya gətirən “cənub küləyi”: Tehran nə istəyir? – ŞƏRH

DÜNYA 13.07.2022 1229

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.

İranın ali dini liderinin ümumi siyasəti çərçivəsində ölkənin müdafiə və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsi İslam Respublikasının Təhlükəsizlik Şurasının üzərinə düşür.

Şura bu istiqamətlərdəki fəaliyyətlərini kəşfiyyat, sosial-iqtisadi, mədəni sahələrlə əlaqələndirir.

Cənab Şamxani bir neçə gün öncə, İrəvanda səfərdə idi, onun Ermənistandan sonra Bakıya üz tutması təhlükəsizlik mühitinə dair məlumatları tutuşdurmaq və bunu İranın gələcək addımlarına hansı formada inteqrasiya etdirilməsinə hesablanıb.

Şamxaninin gəlişi beynəlxalq münasibətlər sistemində İranın yeri və bu yerə qarşı Qərblə İsrailin koordinasiyalı həmlələri fonunda da aktuallıq kəsb edir.

İranın sıxışdırılması sürətli hal alır və İsrailin bu istiqamətdəki xüsusi və praktiki canfəşanlığının sərhədləri hər keçən gün genişlənir.

İsrail Azərbaycanla yaxşı münasibətlərə malik olduğundan Tehranın təhlükəsizlik qavrayışları qısqanclıqla dolub-daşır və Tehran, Bakı-Təl-Əviv münasibətlərinin istiliyini spekulyasiya edərək qərəzli məcraya yönəlir.

Şamxani indi ölkəsinin sıxışdırılması fonunda Azərbaycandan zəmanət almaq istəyir ki, o, İrana qarşı hər hansı cəbhədə yer almayacaq. Amma bu cür qarantı rəsmi Bakı özü öz xarici siyasəti ilə təqdim edir.

Yəni, Azərbaycan başqa ölkələrlə münasibətlərin inkişafını üçüncü ölkəyə qarşı yönəltmir və gələcəkdə də bu siyasətə sadiqlik nümayiş etdiriləcək.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra İranla sərhədin 132 kilometrini bərpa edib. Bu da İranın regional təhlükəsizliyə dair ziddiyyətli mövqeyini bir az da qarışdırıb. Tehran hesab edir ki, sərhədin 38 kilometr zonası üzrə narahatlıqlar var, amma bunun konkret nədən ibarət olduğu da açıqlanmır.

Böyük ehtimal ki, bu, Zəngilan istiqamətidir, çünki, Tehran az qala belə düşünürlər ki, İsrail Zəngilandan İrana qarşı hərbi məqsədlər üçün yararlana bilər.  

Azərbaycan-İran münasibətlərində bu cür mübahisələrin aradan qaldırılması zərurəti var, hərçənd ki, Bakı ilə Tehran hərbi-siyasi platformada tarazlaşdırıcı ortaq maraq formalaşdırıla bilmir.

Şamxani Bakıya yollansa da, gələcəkdə iki ölkə arasındakı fikir ayrılıqlarının həll edilməsi müşküldür.

İranın regional təhlükəsizlik düşüncəsinin əsasında ideoloji əsaslarını gücləndirmək meylləri üstünlük təşkil edir. Azərbaycanda isə İrana bağlı qruplar ifşa edildikcə, Tehran özünü danışıqlarda “yumşaq” göstərmək niyyətindədir və xahişlər əsasında ali rəhbərin Bakıda nümayəndəliyinin bərpa olunmasını istəyir.

Azərbaycana gəlincə, Cənubi Qafqazda qazandığı hərbi-siyasi, strateji üstünlüklə əlaqədar olaraq şərtlər ərsəyə gətirir. Bu şərtlərin məhək daşını “Ermənistanda revanşizmə qol-qanad verən siyasətə son qoyulsun” məzmunu təşkil edir. İran 2021-ci ilin payızında Azərbaycanla yaşanan gərginlikdən sonra uduzduğunu görüb İrəvana münasibətini Bakıya baxışı ilə balanslaşdırmaq məcburiyyətində qalıb.

NƏTİCƏ: Şamxani Azərbaycana ümumi təhlükəsizlik məsələlərində ikitərəfli maraqların uzlaşdırılmasını təmin etmək üçün gəlir.

PROQNOZ: Bununla belə, Azərbaycanla İran arasındakı siyasi, strateji mövzulardakı fikir ayrılıqları qalacaq, bəlkə də Tehran tərəfindən yeni gərginlik yaradan bəyanatlar səsləndiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top