Anar Məmmədov: Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyini itirəcəkdi

SİYASƏT 24.06.2022 1849

Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması Azərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyini itirəcəkdi.Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası məhz bu tarixdən başlandı.

Gəncədə baş verənləri gözləri ilə görüb qiymətləndirmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla bu şəhərə gedən Ümummilli Lider Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi. Həmin sessiya başqa bir məqamla da Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.

Ulu öndər mürəkkəb bir siyasi dövrdə parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmiş, onun sivil, işlək orqana çevrilməsini təmin etmişdir. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Müdrik siyasətçinin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məzmununu tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək ən optimal variantı seçmək qabiliyyəti bu gün də böyük ehtiram hissi ilə xatırlanır. 

Ulu öndər cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Azərbaycanda çox qısa zaman kəsiyində sivil ölkələrə məxsus sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaradılmasına Milli Məclis də öz töhfəsini verdi.

Dövlətin ən çətin günlərində Ali Sovetin sədri kimi məsul vəzifəni şərəflə daşımış Heydər Əliyev bir-birindən mürəkkəb problemləri böyük siyasi məharətlə yoluna qoymuş, yüksək idarəçilik keyfiyyətləri sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr meydanına çevrilməsinin qarşısını almışdır. Ulu öndər Heydər Əliyev peşəkar siyasi xadim kimi parlamentin formalaşdırılması işində də həlledici rol oynamış, 1995-ci ilin 12 noyabrında yeni Konstitusiyanın qəbulunun ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik seçkilərin keçirilməsini təmin etmişdir. Azad, ədalətli və şəffaf şəraitdə keçən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmış, ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyulmuşdur. Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini uğurla yerinə yetirmiş, fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə xeyir-duasını vermişdir.

Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.

Ötən illərdə Milli Məclis parlamentarizm ənənələrini inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Parlamentdə qəbul olunmuş sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İlham Əliyev hələ Azərbaycan parlamentinin deputatı olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin qanun yaradıcılığı işində yaxından iştirak etmiş, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə öz layiqli töhfəsini vermişdir. Bu gün də Ulu öndərin siyasi varisi kimi İlham Əliyev parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə nail olmuşdur.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top