Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik konsepsiyası kimi qiymətləndirilə bilər - Anar Məmmədov

SİYASƏT 16.06.2022 1187

Azərbaycan-Türkiyə birliyi hazırda bütün dünyada dostluğun, qardaşlığın və müttəfiqliyin rəmzinə çevrilib. Bu, təkcə dil və etnik baxımdan yaxınlığa əsaslanan münasibətlər deyil. Azərbaycan-Türkiyə münasibətlərinin indiki tarixi mərhələsinə gəlib yetişməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı sayğısı, inamı, etibarı, lider kimi mərdanə xüsusiyyətləri, regionun və dünyanın gələcəyinə ümumi baxışları, tarixin sınaqlarından çıxmış qardaşlıq güvəni çox mühüm rol oynayır. Bu iki güclü şəxsiyyət arasındakı sarsılmaz dostluq və onları birləşdirən liderlik fenomeni Azərbaycan-Türkiyə münasibətlərinin uğur formuludur. Onlar milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını sözlə deyil, əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə də, Azərbaycan da çox böyük tarixi uğurlar əldə edib. Bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınıb qəbul edilməkdədirlər. 

İyunun 15-də iki qardaş ölkə – Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imza atdığı bu bəyannamə bu il fevralın 1-də Azərbaycan parlamenti, fevralın 4-də isə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən ratifikasiya olunub. Bəyannamə Azərbaycan və Türkiyə arasında ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki müttəfiqlik, əlaqələrin genişləndirilməsi, imkan və potensiallarının birləşdirilməsini nəzərdə tutur. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün sahalər üzrə davamlı inkişafının təmini olmaqla yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası oldu.

İkinci Qarabağ müharibəsinin başladığı ilk andan  etibarən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın  tək olmadığını, birmənalı və açıq şəkildə Azərbaycana öz dəstəyini ifadə etdi. Bunun ardınca Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın da yeni perspektivlərini açmış oldu. Bu bəyannamə iki ölkənin ordusunda birgə təlimlərin keçirilməsi, Türkiyədəki təlimlərdə Azərbaycan hərbi heyətinin iştirak etməsi, gələcəkdə birgə təlimlərin daha geniş miqyasda təşkil olunması ətrafında müzakirələrin aparılması, müdafiə, hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycan və Türkiyə münasibətlərinin yeni platforması rolunda çıxış etməkdədir.

Bəyannamənin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanması isə tarixi hadisə idi. Çünki tarixi köklərə dayanan əlaqələr Şuşa Bəyannaməsi ilə bir daha təsdiqini tapdı. Bu bəyannamə ilə 44 günlük Vətən savaşında hər an Azərbaycanın yanında olan, haqq işimizə əngəl törətmək istəyənlərin, ölkəmizə təzyiq göstərməyə çalışanların önünü kəsən, varlığı ilə çox gözləri qorxudan Türkiyə Zəfərdən sonra da Azərbaycanla birgə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu bəyannamə bütövlükdə Cənubi Qafqazın yeni  təhlükəsizlik konsepsiyası  kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir.

İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin yaxından iştirakı ilə görülən işlər qardaş ölkənin bu torpaqların dirçəlişində də Azərbaycana köməyini əsirgəmədiyini göstərir. Bu ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulması, enerji təminatı sisteminin formalaşdırılması, kənd təsərrüfatı, sənaye obyektlərinin tikintisi bölgənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyənin qurucu qardaş əllərinin cəmi bir neçə ay ərzində yaratdıqları 30 ildə bu torpaqlarda daşı-daş üstə qoymayan, gözə görünən nə varsa tar-mar edən, satıb-sovuran erməni vandallarına da, onların beynəlxalq aləmdəki havadarlarına da ən tutarlı cavabdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top