Füzulinin məzarının aqibəti necə olacaq? - ARAŞDIRMA

CƏMİYYƏT 22.05.2022 1184

Lövhə üzərində onun kürdcə mərsiyələr yazan şair olmasını qeyd edənlər cəmiyyətdə qarşıdurma yaratmaq istəyən adamlardır. Dahi şairin məzarı ilə bağlı problem sönmüş ocaqdır, onun üzərinə neft töküb alışdırmaq və bütün türk dünyasını Füzulinin işığı ilə nurlandırmaq lazımdır”

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Bir neçə ay öncə Kərbəla şəhərində olarkən dahi şair Məhəmməd Füzulinin rəmzi məzarını ziyarət elədim. Bildiyiniz kimi qüdrətli şairin İmam Hüseynin dəfn olunduğu ziyarətgah kompleksinin həyətindəki tarixi qəbri tikinti adı ilə aparılan işlər zamanı sökülüb. Son illərdə ölməz sənətkarın adını İmam Hüseyn məqbərəsinin giriş qapılarının birinin yanındakı divara həkk edərək, daşın üzərinə bu yerdə dəfn olunduğunu yazıblar. Qeyd edim ki, hər il Kərbəlaya çoxsaylı azərbaycanlı zəvvarlar ziyarətə gəlsələr də, burada şairin məzarının yerini nişan verən hansısa lövhəyə rast gəlmək olmur. Nəticədə şairi yad etmək istəyənlər rəmzi məzarın da yerini tapa bilmirlər.

Hazırda vacib olan məsələlər

Bundan başqa, rəmzi məzarın üzərinə belə yazılıb: “Hicri 10-cu əsrdə yaşamış, ərəb, türk və kürd dillərində İmam Hüseyn haqda mərsiyələr qələmə alan şair Füzuli Bağdadinin qəbri”. Məlumdur ki, Füzuli ərəb və türk dillərindən başqa, farsca əsərlər də yazıb, kürdcə isə bir misrası belə yoxdur. Kərbəlada yaşayan çoxsaylı şiələri nəzərə alsaq, gərəkdir ki, şairin məzarında farsca irsini nişan verən qeydlər də ola. Hazırda isə daha vacib məsələlər bunlardır: şairin qəbir yerinin itməsinin qarşısı alınsın, məqbərəsi yenidən bərpa olunsun, yaxud nəşi Vətənimizə qaytarılsın, eyni zamanda, indiki rəmzi məzarın üzərində kürdcə mərsiyə yazan şair olması ilə bağlı yanlışlıq aradan qaldırılsın və ziyarət kompleksində aparıcı dillərdə, o cümlədən Azərbaycan dilində şairin məzarının yerini bəlli edən lövhələr vurulsun.

Kərbəla valisi ilə danışıqlar

Füzulinin məzarı ilə bağlı yaranan problemlə əlaqədar Azərbaycanın İraq Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovla əlaqə saxladıq. Nəsir müəllim bildirdi ki, bu məsələ Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi lazımi işləri görür. O bildirdi ki, aprel ayının 7-də Kərbəla şəhərinin valisi Nasef Əl Xəttab ilə görüşüb, onunla şairin məzarı xüsusunda danışıqlar aparıb, konkret nəticələr olanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Səddam Hüseyn ilə görüş

Zamanında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi şairin nəşinin ölkəmizə qaytarılmasına təşəbbüs göstərilib, ciddi addımlar atılıb. Amma İraq dövlətinin bu məsələdə mövqeyi birmənalı olmayıb. Məlum problemlə bağlı dövlətin tapşırığı ilə Xalq yazıçısı Elçin də çox səy göstərib, işlər görüb, ancaq qarşı tərəfin anlaşılmaz mövqeyi məqsədin reallaşmasına imkan verməyib. Elçin müəllim həmin hadisələri belə xatırlayır: “Zaman-zaman Azərbaycanın İraqdakı səfirliyi, eləcə də oradakı aidiyyəti dövlət orqanları ilə Məhəmməd Füzulinin nəşinin ölkəmizə gətirilməsi, heç olmasa məqbərəsinin inşası barədə fikir mübadilələri aparırdım. Danışıqlarımız nəticəsində İraq tərəfi söz vermişdi ki, dahi şairin Kərbəla şəhərində məqbərəsi ucaldılacaq. M.Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən “Füzuli günləri”ndə iştirak edərkən həmin vaxt İraqın prezidenti olan Səddam Hüseyn məni qəbul etdi. Orada bir sıra məsələlərdən söhbət açdıq, eləcə də şairin nəşinin vətənimizə qaytarılmasından. S.Hüseyn də etiraf etdi ki, İraqda yaşasa da,  Füzuli azərbaycanlıdır, sonra bildirdi ki, əslində, o, bütün dünyanın şairidir. Və həmin görüşdə İraqın mədəniyyət nazirinə şairin məzarı üzərində məqbərənin inşası ilə bağlı təkliflər hazırlayıb ona təqdim etməsin itapşırdı. Bakıya qayıdandan sonra da onlarla əlaqə saxladım, amma nəticə olmadı. Hər dəfə söz verirdilər, amma heç nə etmirdilər. Axırda da məlum səbəblərə görə əlaqələr tamam pozuldu”.

Füzuli məscidi də dağılır

Problemlə bağlı İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin fikirlərini də öyrəndik: “Məhəmməd Füzulinin atası Osmanlı dönəmində Kərkükə köçüb, orada onların evi olub. 1981-ci ildə Kərkük qalası Səddam Hüseyn tərəfindən boşaldılandan sonra o ev də dağıdıldı. Amma Füzuli məscidi hələ də qalır, ancaq onun dağılmaq təhlükəsi var. Biz zaman-zaman Kərbəlada Füzulinin heykəlinin ucaldılması üçün çox çalışmışıq. 2012-ci ildə  İraqın keçmiş idman naziri  Rasim Məhəmmədcəfər mənə dedi ki, Füzuli Festivalına Türkiyədən və Azərbaycandan 10 şair dəvət elə.  Mən beş azərbaycanlı, beş türkiyəli şairi İraqa çağırdım. Onda bizi Kərbəlada bir neçə yerə apardılar ki, Füzulinin qəbri buradadır. Biz isə bilirdik ki, onun həqiqi məzarı yol Kərbəlada çəkilərkən yerin altında qalıb. Həmin zaman nazirdən soruşduq ki, Füzulinin Kərbəlada heykəlinin ucaldılması üçün bizə yer ayıra bilərlərmi? O, məsələnin müsbət həllinə söz verdi. Dedi ki, siz heykəli hazırlatdırıb gətirin, qalanı bizlikdir. Şəhər icra başçısı da təklifə razı oldu, amma gələn heyət sonradan bu məsələyə başısoyuq yanaşdı”.

Ortaq layihə gerçəkləşdirmək lazımdır 

Kuzəçi, Füzulinin kürd şairi olması ilə bağlı qeydin təxribat xarakterli olduğunu bildirdi: “Bu gün Kərbəlada Füzulinin məzarı kimi təqdim olunan lövhə üzərində onun kürdcə mərsiyələr yazan şair olmasını qeyd edənlər cəmiyyətdə qarşıdurma yaratmaq istəyən adamlardır. Əvvəllər onun məqbərəsində sadəcə türk, fars və ərəbcə yazan şair olduğu həkk edilmişdi.  Mən İraqda yaşayan azərbaycanlı kimi Azərbaycan, Türkiyə və İraq dövlətlərinə müraciət edirəm ki, Füzulinin Kərbəlada heykəlini və məqbərəsini ucaltsınlar. Nə xoş ki, Füzulinin Azərbaycanda heykəli var, insanlar onun qəzəllərini əzbər bilirlər. Amma Türkiyədə, İraqda, eləcə də Kərkükdə elm və söz adamlarından başqa onu, demək olar ki, tanıyan azdır. Ötən ay Bakıda idim, Rafael Hüseynovla görüşdüm. Füzulinin heykəlinin Kərbəlada ucaldılması üçün ortaq layihə gerçəkləşdirmək barədə onunla söhbət etdim və fikirlərimi çox yaxşı qarşıladı. Füzulinin məzarı ilə bağlı problem sönmüş ocaqdır, onun üzərinə neft töküb alışdırmaq və bütün türk dünyasını Füzulinin işığı ilə nurlandırmaq lazımdır”.

Əlbəttə, söz sərkərdəsinin məzarı ilə bağlı məsələlər həllini tapsa, çox gözəl olar. Növbəti həftələrdə bu məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Azərbaycan Yazıçılar Birliyinin də mövqeyini, məqsədlərini, bu xüsusda düşüncələrini öyrənib oxucuları məlumatlandıracağıq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top